28 sentyabr 2011 - 20:34

“VAŞİNQTON POST” QARABAĞ İŞĞALÇILARINI MƏDH EDƏN YAZI VERİB. Müəllif bəyan edir ki, (yazmır, məhz bəyan edir) Dağlıq Qarabağdakılar sülh naminə torpaqdan keçməzlər, eyni zamanda başqa bir şeydə də güzəştə getməzlər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-ın “Vaşinqton Post” qəzetinin əməkdaşı Uill İnqland Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib. Onun işğal edilmiş ərazidən hazırladığı reportaj iyulun 7-də “Vaşinqton Post”da Qarabağda ilk postsovet müharibəsiadı altında dərc olunub.

Müəllif reportajda 1980-ci illərdə Sovet İttifaqında baş verən dini və etnik münaqişələrə qısaca toxunur və qeyd edir ki, Dağlıq Qarabağ bunların arasında ən qaynar münaqişədir.

Uill İnqland yazır ki, Dağlıq Qarabağ əsasən ermənilərin sıx yaşadığı bölgə olsa da, 1921-ci ildə İosif Stalin bu bölgəni Azərbaycana verib, çünki o vaxt milli məsələlər üzrə komissar olan Stalin “parçala, hökm sür” strategiyasından idarə edirmiş və tez-tez etnik qruplar arasında sərhədləri dəyişirmiş.

Müəllif qeyd edir ki, 1988-ci ildə Dağlıq Qarabağın liderləri Ermənistana birləşmək istədiklərini bəyan edəndə Moskva buna heç bir cavab verməyib, Azərbaycan isə həmin istəyə cavab olaraq etnik ermənilərə qarşı talanlara başlayıb, onlarla insan öldürülüb.

“Qarabağda ilk postsovet müharibəsi”ndə Azərbaycanın işğal edilmiş torpaqlarında qurulan separatçı rejimi heç bir dövlətin tanımadığı xatırladılsa da, bildirilir ki, bu, de-fakto respublikadır. Reportajda vurğulanır ki, Dağlıq Qarabağ əmin-amanlığın hökm sürdüyü bir yerdir, Azərbaycan üzərindəki qələbəsindən çox məmnundur, Azərbaycan tərəfdən gələn müharibə təhdidlərindən çəkinmir və çox təəssüf edir ki, danışıqlar masasında ona yer verilmir.

Müəllif yazır ki, beynəlxalq aləm Dağlıq Qarabağı tanısaydı, qarabağlılar bunu dəyərləndirərdilər, lakin onlar bundan ötrü yalvarmırlar.

Uill İnqlandın iddiasına görə, Dağlıq Qarabağda insanlar inanırlar ki, beynəlxalq birlik Azərbaycanın sovet dövründə yaradılmış süni sərhədlərini tanımasaydı, Azərbaycan hücuma keçməyə cürət etməzdi və nəticədə insanların həyatında bu çətinliklər də ortaya çıxmazdı. Müəllif bütün bunların əvəzində bombalar altında minlərlə insanın öldüyünü, Stepanakertin yarısının dağıdıldığını və “Dağlıq Qarabağın ənənəvi adı olan Artsaxın şəhidləri” haqda əfsanələrin yarandığını vurğulayır.

Müəllif bəyan edir ki, (yazmır, məhz bəyan edir) Dağlıq Qarabağdakılar sülh naminə torpaqdan keçməzlər, eyni zamanda başqa bir şeydə də güzəştə getməzlər.

Reportaj işğalçı ordunun mədhiyyəsi ilə başa çatır. İşğalda iştirak etmiş, hazırda ehtiyatda olan erməni zabit Robert Bağıryan “Artsaxın azadlığından” danışır. Uill İnqland Bağıryanı oxuculara təqdim edəndə yazır ki, o, sovet ordusunda serjant kimi xidmət edib və Bağıryandan bu iki ordu arasındakı fərqin nədə olduğunu soruşanda belə cavab verir: “Sovetlər heç vaxt orduya bu qədər diqqət ayırmayıblar”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

QEYD: Tank üzərindəki xaç nişanəsinə diqqətlə baxın!

 

Şuşaya girən ilk erməni tankına qoyulmuş abidə
 
Cıdır düzü
 
Şuşada axşam