28 iyul 2011 - 19:30

Üzeyir Cəfərov: "Bəzi hallarda şəhid ailələri şikayət edirlər ki, onların yaxınlarının dəfn mərasimində rəsmi qurumlar iştirak eləməyiblər. Əgər qanunvericiliklə bu hal tənzimlənsə, rəsmilər qanun tələblərini pozmamağa məcbur olaraq belə mərasimlərdə iştirak edəcəklər" Teymur Abdullayev: "Şəhid olmuş hər hansı bir hərbiçi Azərbaycan bayrağına bükülür və dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hərbi komissar və hərbi hissədən gələn adamlar iştirak edirlər"

Dünyanın bir çox ölkələrində Vətən uğrunda həlak olan hərbiçilərin təntənəli şəkildə dəfn olunma mərasimi həyata keçirilir. Atəşkəs dövründən bu günə qədər cəbhə xəttində xeyli sayda Azərbaycan hərbiçiləri şəhid olub. Amma ölkə səviyyəsində şəhidlərin təntənəli şəkildə dəfn olunması demək olar ki, hələ də rəsmi şəkildə həyata keçirilmir. İcra hakimiyyətinin və şəhər hərbi komissarlığının bir neçə nümayəndəsi iştirak etməklə dəfn mərasimləri qeyd olunur. Sonucu dəfə ölkənin yüksək rütbəli və vəzifəli şəxslərin dəfn mərasimində iştirak etməsi şəhid Mübariz İbrahimovun dəfn mərasimində qeydə alınıb.

Faktxeber.com-a məsələ ilə bağlı açıqlama verən hərbiçi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov, müdafiə nazirinin bu barədə göstərişi olmasına baxmayaraq əməl olunmadığını bildirdi: “Bu məsələ bizim çox yaralı bir məsələmizdir. Mən həmişə demişəm ki, çox təəsüf ki, Azərbaycanda bu sahədə həddindən artıq boşluq mövcuddur. Boşluq da ondan ibarətdir ki, Azərbaycan müdafiə nazirinin əmri olmasına baxmayaraq, ölkədə bu mərasimlər həyata keçirilmir. Çox nadir hallarda olur ki, şəhid Mübarizin dəfni kimi mərasimlər dövlət səviyyəsində qeyd olunur. Qardaş Türkiyəyə baxsaq görərik ki, bu məsələlər elə tənzimlənib ki, kimliyindən asılı olmayaraq şəhid olan hər bir kəsin dəfn olunma mərasimi çox yüksək səviyyədə qeyd olunur. Hətta həmin dəfn mərasimlərində ölkənin ən yükəsk vəzifəli şəxsləri iştirak edirlər. Təəsüflər olsun ki, bu proses Azərbaycanda çox soyuq şəkildə həyata keçirilir. Düzdür ki, bu barədə qanun layihəsi qəbul olunmasa da, müəyyən normativ sənədlər və nizamnamələr mövcuddur. Lakin görünür bu normativlərə yüksək formada əməl olunmur. Biz artıq bu məsələni ictimailəşdirmişik. Sonuncu dəfə general Rail Rzayev dünyasını dəyişəndə biz bu məsələni ictimailəşdirdik və bildirdik ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və son dərəcədə böyük xidmətləri olmuş generalın dəfni ən yüksək dərəcədə keçirilməli idi. Düzdür ki, həmin dəfn mərasiminə böyük hay-küydən sonra Müdafiə Nazirliyinin yüksək hərbi rütbəli nümayəndələri iştirak etdilər.

Qeyd edim ki, bu istiqamədə xeyli işlər görülməlidir. Bəzi qeyri-hökümət təşkilatları və millət vəkilləri Milli Məclisdə belə bir təkliflər səsləndiriblər. İstərdim ki, onlar təklifləri fikir olaraq qalmasın. Bəzi hallarda şəhid ailələri şikayət edirlər ki, onların yaxınlarının dəfn mərasimində rəsmi qurumlar iştirak eləmiyiblər. Əgər qanunvericiliklə bu hal tənzimlənsə, rəsmilər qanun tələblərini pozmamağa məcbur olaraq belə mərasimlərdə iştirak edəcəklər.

Bu işlərin həyata keçirilməsi Müdafiə Nazirliyinin tərbiyəvi işlər üzrə şöbəsinin rəhbəri polkovnik Vaqif Məmmədovun üzərinə düşür. Vaqif Məmmədov illərdir həmin vəzifədə olmasına baxmayaraq, onun gördüyü iş əmsalı çox aşağıdır. Müdafiə nazirir həmin idarəyə tapşırıq verməsinə baxmayaraq, nədəndirsə nazirin göstərişinə əməl olunur. Lakin bundan qabaq həmin idarəyə rəhbərlik edən polkovnik Taleh Əliyev, Mehman Səlimov və Ziyadxan Bəkirovun dövründə həmin idarə, nazirin verdiyi göstərişləri yerinə yetirirdi. Amma təəsüflər olsun ki, indi həmi idarəyə rəhbərlik edən Vaqif Məmmədov heç bir iş görmür. Onu düşündürən budur ki, görəsən mən nə vaxt general olacam. Müdafiə naziri Səfər Əbiyevin işlərində çoxlu tənqid olunası məqamlar var. Lakin bu məsələnin həyata keçirilməsi təkcə ondan asılı olan bir şey deyil. Şəhidlərin təntənəli şəkildə dəfn olunma mərasimlərinin həyata keçirilməməsinin əsas məsuliyyəti nazirlik rəsmilərinin boynuna düşür. Həmin şəxslər həm qanun qarşısında, həm də ki, nazirlik qarşısında məsuliyyət daşıyırlar.”

Qeyd edək ki, məslə ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mövzu ilə bağlı münasibət bildirən Müdafiə Nazirliyiynin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev, şəhidlərin dəfn mərasimin kifayət qədər təntənəli şəkildə qeyd olunudğunu bildirdi: “Bizdə də şəhidlərimiz təntənəli sürətdə dəfn olunur. Belə ki, şəhid olmuş hər hansı bir hərbiçi Azərbaycan bayrağına bükülür və dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri hərbi komissar və hərbi hissədən gələn adamlar iştirak edirlər. Bundan sonra şəhid olmuş şəxsin ailəsinə lazım olan bütün yardımlar göstərilir. Gələcəkdə bu mərasimlərin təşkil olunması ilə bağlı hər hansı formanın hazırlanmasından söhbət gedərsə, biz bu barədə məlumat verəcəyik.”

 

Xəyal Şükür