23 iyul 2011 - 19:30

1 yaşlı uşaq öldü, 3 nəfər xəsarət aldı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oğuz rayonunda ağır yol qəzası baş verib. Oğuz rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, 1 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 113-cü kilometrliyində, Qullax kəndi ərazisində qeydə alınıb.

Şəki rayon sakini Bəkirov Əfqan Hümbət oğlunun idarə etdiyi “Mercedes-Bens” E-200 markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Avtomobilin sürücüsü Əfqan Bəkirov, sərnişinlər -1990-cı il təvəllüdlü Turanə Məmmədova, onun oğlu – 2010-cu il təvəllüdlü Məmmədov İsmayıl Sərxan oğlu, Turanənin qardaşı 1966-cı il təvəllüdlü Elçin Rəcəbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Uşaq hadisə yerində dünyasını dəyişib. Digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, əslən Şəki rayonunun Oxut kəndindən olan T. Məmmədova hazırda Ukraynanın paytaxtı Kiyevdə yaşayır və ailəsi ilə birgə Şəkiyə gedirmiş.

Faktla bağlı Oğuz RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır