Üç gün əvvəl sosial şəbəkələrdə “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanın fətvası yayıldı. Əlbəttə, indi ruhani olub din adından danışanların çox olduğu bir zamanda sələfilərin liderinin fətva verməsini və ya açıqlama ilə çıxış etməsini təəccüblü qarşılamamaq da olardı. Ancaq fətva siyasi xarakterli idi. Və cənab Qamət ilk dəfə olaraq müxalifətin aksiyası ilə bağlı bəyanat, daha doğrusu çağırış edirdi. Şeyx Qamətin fətvası isə qısa və qəti idi...
- As salamu aleykum va rahmatullahi va barakatuhu!
Şeyx Qamətin qəti əmridir: Heç bir müsəlman 19 iyun mitinqinə dəstək verməyəcək, mitinqə qoşulmayacaqdır.
Sabah demokratiya deyil, fitnə günüdür. Ümmətimiz prezidentimizi dəstəkləyir.
Mitinqə çıxan və müxalifətə dəstək verən bizdən deyildir.
Mitinqdə ölənlər əmr sahibinə qarşı çıxdığı və Dar ül Sülhdə qarışıqlıq saldığı üçün şəhid sayılmayacaq, cənnət ona nəsib olmayacaqdır.
Fitnədən və xəvariclərdən uzaq olun.
Allah daha yaxşı bilir!
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Açığı əvvəlcə bir qədər tərəddüd etdim və fətvanın Q.Süleymanovun adından yayıldığını zənn etdim. Buna görə, fətva ilə bağlı ona sual ünvanladım. Ancaq Şeyx Qamət nə sualımıza, nə də davamlı zənglərimizə cavab vermədi. Məsələ burasındadır ki, Qamət Süleymanov Azərbaycanda siyasi çalarlı bəyanat verən ilk ruhani deyil. Eyni zamanda Azərbaycanda dini çoxluq sayılmayan sələfi camaatı (üstəlik heç də hamısı tərəfindən qəbul olunmayan) liderinin antimüxalifət çağırışının siyasi hadisə olacağını da təxmin etmirik. Onsuz da sələfi camaatının aktiv vətəndaş fəaliyyəti göstərməsi, yəni hakimiyyətə qarşı çıxması ilə bağlı ortada hər hansı bir ciddi fakt ortada yoxdur. Üstəlik, zaman-zaman təqib olunduqlarının iddia edən camaat üzvləri hətta hicab qadağası ilə bağlı hakimiyyətə açıq etiraz edə bilmədilər. Bunu sələfilər üzərinə basqıların çox olması ilə izah edirdilər. O zaman, Şeyx Qamətin birdən birə hakimiyyət yanlısı bəyanatını necə yozmaq olar?
Cənab Qamət Süleymanovun hövlank siyasi çalarlı fətvasının arxasında iki mühüm amil dayanır: xarici, yəni ümumi ideoloji fikir və daxili, yəni yerli ictimai-siyasi vəziyyət. Şübhəsiz ki, 2008-ci ildə bağlanan və hələ də açılmayan “Əbu Bəkr” məscidinin imam-camaatı da yaxşı bilir ki, onun çağırışı ölkədəki siyasi vəziyyətə elə də təsir etməyəcək. Deməli ortada iki versiya qalır: ya Hacı Qamətə bu fətvanı verməsi üçün təzyiq ediblər, ya da özünü hakimiyyətyönlü göstərəcəyi təqdirdə “bağışlanacağı” və məscidi geri alacağı ilə bağlı ümidləri olduğu üçün bu fətvanı verməyə qərar verib. Çünki hər nə qədər siyasi rəngi olmasa da, sələfi camaatı daxilində Qamətə qarşı müxalifət var və müxalifləri onun bu fətvasından özünə qarşı silah kimi istifadə edəcəklər.
Nə qədər qəribə görünsə də, fikrimizcə Q.Süleymanovun bu açıqlamasında xarici amillərin də rolu var. Məsələ burasındadır ki, Qamət Süleymanov Səudiyyə Ərəbistanında – Mədinə şəhərində eyni adlı universitetdə təhsil alıb. Bu o deməkdir ki, onun həm də sələfi alimlərə mənəvi bağlılığı var. Xatırladaq ki, ərəb ölkələrində inqilab dalğası başlayanda ilk olaraq sələfi ruhanilər üsyanların əleyhinə çıxdılar. Səudiyyə Ərəbistanı müftilər şurası açıqlama yayaraq azadlıq tələbləri ilə baş qaldırmaların İslam dini hökmlərinə uyğun olmadığını bəyan etdilər.
Məsələn, Məkkə imamı Saleh ibn Məhəmməd əl Talib Məscid əl Həramda cümə namazı xütbəsində kütləvi etiraz aksiyaları və inqilabları pisləyib və siyasi azadlıqlar, çoxpartiyalı siyasi sistemlərin İslam dini və şəriətə zidd olduğunu bəyan edib. (Ancaq inqilabın baş verdiyi Misirdə sünni ruhanilər əksinə, fətvalar verərək, inqilablara dəstək vermişdilər.) Sələfi ruhaniyyətinin bu mövqeyi əks effekt verdi və onlara qarşı böyük qınaqlara səbəb oldu. Mümkündür ki, Qamət Süleymanov da sələfi ruhaniyyətinin ümumi xəttini Azərbaycanda da müdafiə etmək istəyib.
Amma heç şübhəsiz ki, hansı şəraitdə verilməsindən asılı olmayaraq bu fətva cənab Süleymanov üçün başağrısı olacaq. Bu gün hətta bir çox sələfi ruhanilər sələfiliyin siyasi hakimiyyətin əlavəsinə çevrilməsini tənqid edirlər. Əlbəttə, hakimiyyətin bir fətvaya görə, “Əbu Bəkr” məscidini açacağı və ya Şeyx Qamətə başqa bir “mükafat” verəcəyi inandırıcı deyil. Ancaq əvəzində, həm özünün etiraf elədiyi kimi, icma daxilindəki müxalifləri bundan istifadə edib onu tənqid edəcəklər, üstəlik son 3 ildə formalaşmış əzilən icma obrazına ciddi zərbə olacaq və Hacı Qamət bərəsində hakimiyyətə yarınan ruhani münasibəti yaranacaq.
Kənan RÖVŞƏNOĞLU