Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün AXCP internet azadlığının məhdudlaşdırılması ilə bağlı etiraz bəyanatı qəbul edib. Partiyanın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, hakimiyyət son 3 ayda real həyatdakı kimi virtual aləmdə də (internetdə) insanların azadlığını məhdudlaşdırmağa başlayıb.
AXCP xatırladır ki, ictimai-siyasi fəallığın artdığı son aylarda etirazçı mətbu nəşr -“Azadlıq” qəzetinin saytı bir neçə dəfə kiber cinayətkarlıqla dağıdılıb; qəzetin və eyni adlı beynəlxalq radionun saytlarına giriş süni formada çətinləşdirilib: “Eyni maneələr AXCP sədri Əli Kərimliyə qarşı daha genişləndirilmiş formada tətbiq edilib. Hakimiyyət öz texnoloqları vasitəsi ilə cinayətkarlıqla AXCP sədrinin şəxsi bloquna hücum edib, onu sıradan çıxarıb. Bloq bərpa olunandan sonra Əli Kərimlinin İP ünvanına əngəl yaradaraq ora yeni materialların yerləşdirilməsi məhdudlaşdırılıb. Bununla kifayətlənməyərək AXCP sədrinin mənzilinə müxtəlif uydurma və bəhanələrlə bir ay internetin verilməsi dayandırılıb. AXCP-nin fəal funksionerləri də internetdə aramsız kiber-cinayətlərə üz-üzədir. AXCP sədrlərinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və Razi Nurullayevin də mənzillərindən internetə daxil olmanın sürəti siyasi sifarişlə törədilən texniki maneələr ucbatından azaldılıb. Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsindəki hesabının parolu sındırılaraq ələ keçirilib. Həmin səhifə AXCP Rəyasət Heyətinin üzvü Natiq Ədilovun adına dəyişdirilərək bugünədək müxalifətə qarşı təxribat üçün istifadə olunur. Natiq Ədilovun öz səhifəsi təşkil olunan şikayətlər əsasında guya saxta olduğundan son iki ayda iki dəfə bağladılıb”.
Bəyanatda bildirilir ki, plüralizm elementlərini susdurmağa yönəlik addımlar birbaşa hakimiyyətdən qaynaqlanır: “AXCP azad fikirli insanların fəaliyyətinə mane törətmək, internetdə tənqidi mühitin yox olmasına nail olmaq üçün güc strukturlarında yaradılan xüsusi qrupların varlığından məlumatlıdır. İnternetə müdaxilə ilə bağlı hakimiyyətinin fəaliyyətini AXCP gerilikçilik, qanunsuzluq kimi dəyərləndirərək pisləyir. AXCP hesab edir ki, internetdə söz və fikir azadlığının məhdudlaşdırılmasına yönəlik addımlar qanunsuz olduğundan dərhal dayandırılmalıdır”.
Partiya tələb edib ki, hakimiyyət vətəndaşların internetdə özünü ifadə hüquqlarına hörmət bəsləməli, internetdə qadağa və maneələri gücləndirmək əvəzinə, yeni dövrün bu unikal nailiyyətindən hər kəsin bəhrələnməsi üçün imkanlar yaratmalıdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır