21 iyul 2011 - 19:30

İqbal Ağazadə: “Bbelə bir vəziyyətin yaranmasında QMİ-n də qəbahəti az deyil. Qurum Şimali Qafqazda, Gürcüstanda məscidlər tikməli, köhnə məscidlərin bərpa olunmasını təmin eləməli idi”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Paşazadə “Qafqazinfo.az” saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin adının dəyişdirilə biləcəyinə işarə vurub. Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasından sonra QMİ-n adının təhlükəyə düşüdüyünü qeyd edən jurnalistə Allahşükür Paşazadənin cavabı belə olub: “Bu gün bütün Qafqaz bölgələrində bizim nümayəndələrimiz var. Bunların hamısı isə qanunun yox, şəxsiyyətin üzərində qurulub. Əvvəllər bu, Zaqafqaziya Müsəlmanları İdarəsi idi. Bu qarışıqlıq dövründə mən fikirləşdim ki, bizim Dərbənd dərdimiz var, orada azərbaycanlılar yaşayır. Onları mənəvi cəhətdən mərkəzə bağlamaq üçün mən bu adı qəbul etdim.

Bu qurumun adına Qafqaz sözünü artırmaq maddi baxımdan mənə zərərdən başqa heç nə vermir. Amma mənəvi baxımdan böyük məsələdir. Sabah Azərbaycanın dindarlarını yığıb elan edərəm ki, bu, Azərbaycan Müsəlmanları İdarəsidir. Mənə kim nə deyə bilər? Bunu edə bilərəm”.

Qafqaz Müsəlmanları İdarəsinin adını dəyişdirməyə ehtiyac varmı? Əgər dəyişdirilərsə, bundan Azərbaycan, eləcə də qurum nə itirə və ya nə qazana bilər?

-Azərbaycan İslam Partiyası sədrinin ictimai məsələlər üzrə müavini İnqilab Əhədlinin sözlərinə görə, bu gün Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan daxilində öz nüfuzunu itirmiş quruma çevrilib: “Bu günlərdə xəbər gəldi ki, Neftçalada azana qadağa qoyulub. Əgər bu qurumun nüfuzu varsa, öz işini bilirsə, necə olur ki, o dura-dura icra hakimiyyəti strukturu dini ayinlərlə bağlı məsələlərə qarışır? Bu gün ölkədə hicabla bağlı problem gündəmdədir. Niyə Qafqaz Müsəlmanları İdarəsi təhsil nazirinə “Quran”dan gələn həqiqətləri dərk etdirə bilmir? Bir var Allahı razı salmaq, bir də var onun əmrlərini yerinə yetirməməklə onu narazı salıb xırda-xırda fərdlərə xidmət etmək”.

İnqilab Əhədli qeyd edərək deyib: “Gürcüstanda 800 minə qədər müsəlman yaşayır. Artıq onlar bu qurumun daxilində olmaqdan imtina ediblər. Hətta Dağıstan müsəlmanlarının da bu qurumdan imtina etmək istədiklərini eşitmişik. Bu qurum Azərbacanda dini atributlarla bağlı problemlərin yoluna qoyulmasına təsir edə bilmir, digər ölkədə yaşayan müsəlmanlar da düşünür ki, bizim problemimizə də təsir göstərə bilməz.

Bu vəziyyətin yaranmasına səbəb QMİ-n səlahiyyətlərinə daxil olan vəzifələri icra edə bilməməsidir. QMİ təkcə Azərbaycanda deyil, Qafqazın ən ucqar nöqtəsində yaşayan dindarın yanında olmağı bacarmalıdır, onun dərdinə şərik çıxmalıdır. Bunu görməyəndə parçalanma baş verir. Təəssüf edirəm ki, indi bu qurum nə diriyə köynəkdir, nə də ölüyə kəfən”.

-Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə qeyd edir ki, indi Qafqaz Müsəlmanları İdarəsi adlanan qurum çar imperiyası dövründə, 19-cu əsrdə yaradılıb: “Tarix boyu bu idarəyə rəhbərlik edən şeyxülislamlar bütün Qafqazın şeyxi hesab olunublar. Bu gün idarənin Azərbaycanda yerləşməsi, ona azərbaycanlının rəhbərlik eləməsi ölkəmizim regiondakı çəkisinə və nüfuzuna dəlalət edir. Bu amil Azərbaycanın Qafqazda dini zəmində ictimai proseslərə təsirini artırır”.

Deputat qeyd edir ki, QMİ-nin adı Azərbaycan Müsəlmanları İdarəsinə dəyişdirilərsə, bundan daha çox Azərbaycan itirəcək, nəinki quruma rəhbərlik edən şeyx: “Şimali Qafqaz xalqları bu mərkəzə nə ianə verir, nə də yardımlar ayırır, əksinə, bütün Qafqazı əhatə etdiyinə görə şeyxülislam yeri gəldikcə onlara yardımlar edir. İdarənin Azərbaycanda yerləşməsi və ona rəhbərlik edən şəxsin azərbaycanlı olması bütün Qafqazda ölkənin nüfuzunu və çəkisini artırır. Ona görə də hesab edirəm ki, bu məsələlərdə dartışmaya və başqa Qafqaz xalqlarının da fərqli çıxışlar etməsinə imkan verilməməlidir. Bu baxımdan Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasını da doğru hesab eləmirəm”.

İqbal Ağazadə Gürcüstanda yaşayan müsəlmanların müstəqil qurum yaratmasının normal olmadığını vurğulayıb: “Onlar tarixən yaradılmış quruma tabe olmalı idilər. Parçalanmaqdansa elə şərait yaradılmalıdır ki, Qafqazda yaşayan bütün müsəlmanlar Bakıdakı idarənin ətrafında birləşsinlər”.

QMİ-n hüquqi statusu məsələsinə gəlincə, İqbal Ağazadə qeyd edir ki, Rusiya xristianlarını birləşdirən patriarxlıq ayrı-ayrı dövlətlərlə müqavilələr imzalaya bilir, ikitərəfli danışıqlar aparır: “Təəssüf ki, QMİ-n biz qeyri-hökumət təşkilatı kimi tanıyırıq. Dövlət bu idarəyə ayrı status verməlidir. Qurumun səlahiyyətləri, sərhədləri tam şəkildə bəlli olmalıdır”.

Azərbaycan dövlətinin quruma verəcəyi statusun yalnız ölkə daxilində qüvvədə olması məsələsinə gəlincə, İqbal Ağazadə bildirib ki, hüquqda başqa yanaşma da mövcuddur: “Bu statusu Qafqaz müsəlmanları toplaşaraq verməlidir. Daha sonra Azərbaycan dövləti həmin statusu tanımalıdır”.

Gürcüstan Müsəlmanları İdarəsinin yaranmasını doğru hesab etməyən partiya sədri bunun düşünülmüş şəkildə edildiyini vurğulayıb: “Bu udarənin yaranması Azərbaycanın, eləcə də bütün Qafqazda yaşayan müsəlmanların parçalanmasına xidmət edir. Görünür, ciddi siyasi proseslər gedir və təsir imkanlarının fərqli müstəvidə axtarılması prinsipləri ortalığa qoyulub. Ona görə də belə parçalanmalar baş verir. Ola bilər ki, Gürcüstan müsəlmanlarının seçilmiş şeyxi bu proseslərin siyasi çalarlarını görmür, yalnız Gürcüstandakı dindarların sosial problemlərini, məscidlərin bərbad gündə olmasını qabardır.

Amma belə bir vəziyyətin yaranmasında QMİ-n də qəbahəti az deyil. Qurum Şimali Qafqazda, Gürcüstanda məscidlər tikməli, köhnə məscidlərin bərpa olunmasını təmin eləməli idi”.

-Din və Demokratiya Mərkəzinin rəhbəri Nəriman Qasımoğlu açıqlamasında QMİ-n adını Azərbaycan Müsəlmanları İdarəsinə dəyişdirməyin asan olduğunu deyib: “Bunun üçün bütün dindarlar toplanır və belə bir məsələyə baxaraq səs verirlər. “Dini etiqad azadlığı haqqında” qanuna edilən sonuncu əlavədən sonra bu qurumun statusunda həqiqətən dəyişiklik oldu - digər islam dini icmaları öz fəaliyyətləri barədə QMİ-nə hesabat verəcək. Bu qeyri-hökumət qurumunu hazırda yarımdövlət təşkilatı kimi tanımaq da mümkündür. Ancaq dövlət təşkilatı kimi tanımaq da çətindir. Hansısa dövlət qurumuna tabe deyil”.

Nəriman Qasımoğlu Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasının QMİ-n ərazidə təsir qüvvəsinin azalmasına gətrib çıxarmayacağını deyir: “Bu, qurum üçün, Azərbaycan üçün cəmi bir kanalın itirilməsi deməkdir. Amma digər kanallar durur. Azərbaycan dövlətinin güclənməsi Gürcüstanda yaşayan müsəlmanlara, eləcə də azərbaycanlılara təsirin azalmasına imkan verməyəcək”.

Bununla yanaşı, teoloq Rusiya müsəlmanlarının da ayrıca qurum yaratmaq istəyinin ola biləcəyini istisna eləmir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır