19 iyul 2011 - 19:30

Birinci katib ətrafındakılara gülümsəməyi niyə yasaq etmişdi? «Onlar məni Əliyevlə görüşə itələdilər...»

əvvəli ötən saylarımızda

Əliyev məndən narazı qalıbmış

Aradan bir ay keçdi. Mən hələ də rəsmən Zaporojye prokurorluğunda işdə qalırdım. Günlərin birində məni Lodısev yanına çağırdı. Bir az qorxmuş adam təsiri bağışlayırdı:

- Bilirsən, dünən Naydenov Moskvada, MK-da Əliyevlə görüşüb. Səndən çox narazıdır.

Məsələ qəlizləşirdi. Mənə yeni təklif verdilər:

- Yenidən müşavirə çağırıb Məmmədovun Hacıyevin işilə bağlı epizodda nə qədər günahsız olub-olmadığını müzakirə edəcəyik.

***

Yenə əvvəlki heyətdə toplaşdılar, amma Məmmədovun əleyhinə qərar çıxardılar. Qərarda göstərilirdi ki, xidməti vəzifədən sui-istifadə etməklə Qambay Məmmədov rüşvətxoru qanunsuz olaraq məsuliyyətdən azad etməklə dövləti maraqlara nəzərəçarpacaq dərəcədə ziyan vurmuşdur. Cinayət işini bağlamaq olar, amma Qambay Məmmədov günahkar hesab edilməlidir.

Mən etiraf edirəm, görünməyən əllər mənə və SSRI prokurorluğuna öz güclərini göstərdilər. Mənimsə təəssüflənməkdən başqa əlacım qalmırdı.

Qambay Məmmədov döyüşdü, döyüşdü... axır ki, bəraət aldı

Illər ötdü. Məmmədov Partiya Nəzarəti Komitəsinin qapısını dəfələrlə döydü. Partiyaya qayıtmaq üçün qəbullara getdi. Ölkədə siyasi iqlim dəyişdi, SSRI-nin yeni baş prokuroru Aleksandr Mixayloviç Rekunkov Qambay Məmmədovun işini yenidən icraata qaytardı. Araşdırmağa bir şey qalmamışdı. Hər şey hamıya əvvəl də aydın idi. Amma siyasi sifariş ədaləti bərpa etməyə imkan vermirdi.

Bu məsələnin müzakirəsində baş prokuror Rekunkov dedi: “Əgər biz prokurorları yaxınlarına görə səhv qərar çıxarmaqda günahlandırıb işdən qovsaq, cinayətkar adlandırsaq, onda prokurorluqda işləməyə adam tapmarıq”.

Çalışırdılar ki, məndən cavab alsınlar, 1979-cu ildə mənə kim təzyiq göstərib? Mən cavab verə bilmirdim. Çünki mən öz işimi görmüşdüm. Bir-birindən fərqli qərarı siyasi asılılığı olanlar çıxarmışdılar. Siyasi oyunların kiçik vintləri isti yerlərini itirməmək üçün çiyin-çiyinə cəbhədə vuruşduqları, ən çox inandıqları və hörmət etdikləri bir prokuroru, kommunisti qurban vermişdilər. Indi cavab istəyir, günahkar axtarırdılar.

Düzdür, Qambay Məmmədovun işini bağladılar və ona bəraət verdilər. Amma uzun illər partiya nəzarət komitəsi öz qərarını dəyişmək istəmədi. Nəhayət, Qambay Məmmədovu partiyaya bərpa etdilər.

Əliyev rejiminin qurbanlarından biri Aşurov onun partiyaya bərpası anını danışanda, az qala gözüm yaşardı.

Ürəyini tutub yıxıldı, özünə gələndə ilk sözü bu oldu...

- Aşurovu milis sıralarından qondarma səbəblə qovmuşdular, sonra partiyadan çıxarmışdılar.

Milis polkovniki David Pisaxoviç Aşurov Israildə yaşayır. Ötən əsrin 70-ci illərinin “repressiyası” ondan da yan keçməyib. 1975-ci ildə David Aşurova podpolkovnik rütbəsi verildi. Bakının Oktyabr rayonuna rəis müavini təyin olundu. Elə həmin ərəfədə bacısı Israilə köçmək qərarına gəldi. Bundan sonra onun da qara günləri başladı. 1980-ci ildə onu istintaqa çağırdılar. Müstəntiq heç bir sənəd göstərmədən dedi: “Vəzifədən sui-istifadə etməyin sübut olunub. Yaxşısı budur, hər şeyi boynuna al. Yalnız bu halda məhkəmə sənə güzəşt edə bilər”.

Aşurov 8 il qapıları döydü, yüzlərlə ərizə və şikayət yazdı. Aşurov deyir:

- Bəraət almaq mənim şərəf, namus məsələmdi. Günlərin birində Azərbaycan KP MK-dan mənə zəng etdilər. “Sabah axşam Moskvada olmalısan, Sizi Sov. IKM MK yanında Partiya Nəzarəti Komitəsinə çağırıblar”, dedilər. Bu, mənim sonuncu şansım idi. Daha müraciət etməyə təşkilat qalmamışdı. Mən Moskvaya uçdum, deyilən ünvana gəldim. Icəri keçəndə tanış bir sifət gördüm. Saçları ağarmışdı. Keçmiş respublika prokuroru Qambay Məmmədov da qanunsuz işdən çıxarılmışdı. Partiya sıralarından qovulmuşdu. Bizi bir təlimatçı qəbul etdi. Səhər 9-dan axşam 6-ya kimi söhbət etdi. Bildirdi ki, sabah bizim məsələyə baxılacaq. Əlifba ilə çağırdılar. Birinci məni dəvət etdilər. 1989-cu il oktyabr ayının 11-i idi. Məni bərpa etdilər. Sakitləşib Məmmədovun çıxmasını gözlədim. 40 dəqiqədən sonra Məmmədov otaqdan çıxdı, bir neçə addım atıb yıxıldı, özündən getdi. Özünə gələndə ilk sözü bu oldu: “Bərpa etdilər!” Qambay Məmmədov gözəl, kristal kimi təmiz insandı, bu təmizliyilə kimlərəsə mane olurdu. Ona görə ondan intiqam aldılar. 10 il mübarizə apardı.

Müstəntiqin xatirələri davam edir

- Bu, mənim Azərbaycana sonuncu ezamiyyətim olmadı. 1988-ci ilin əvvəlində Alma-Atıdan xüsusi reyslə Bakıya uçmalı oldum. Bakıdan Sumqayıta gəldim.

Şəhərdə evlər yanırdı, hərbi hissələr şəhəri təmizləyirdi, milis şöbəsi saxlanılanlarla dolu idi. Bu dəfə qanlı Sumqayıt hadisələrini araşdıracaqdıq...

“Əliyev mafiyası xalqın qanını sorub, respublikanı son nəfəsinə çatdırıb...”

Sonra qocaman müstəntiq arxivindən bir qəzet çıxarır. Arkadi Vaksberqin məşhur “Gurultulu alqışlar!” məqaləsinə gəlmiş rəylərdən birini mənə oxuyur. Həmin məktublardan birinin altından qırmızı qələmlə xətt çəkib. Məktubu akademik, Sovet Ittifaqı qəhrəmanı Ziya Bünyadov, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Kamal Talıbzadə, professor Mirxaliq Mirqədiyev, şair Nəbi Xəzri imzalayıb. Məktubda deyilirdi: “Əliyev mafiyası xalqın qanını sorub, gəncliyi pozub, respublikanı son nəfəsinə çatdırıb, çoxmillətli Azərbaycanı gözlənilməyən millətlərarası münaqişələr yuvasına çevirib...”