Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İctimai Palatanın iyunun 19-a təyin etdiyi aksiyadan əvvəl rayonlarda müxalifət fəallarının polisə aparılması barədə məlumatlar var.
AXCP Sabirabad şöbəsindən “Azadlıq” qəzetinə verilən məlumata görə, şöbənin sədri Sətdar Şahlarov və fəallarından Əflan Ağayev iyunun 18-də səhər saatlarında polisə çağırılıblar. Onlara 19 iyun mitinqində iştirak etməməklə bağlı xəbərdarlıq olunub. Daha sonra onlar sərbəst buraxılıblar. Lakin günortadan sonra Sətdar Şahlarovla Əflan Ağayev yenidən polisə aparılıblar. Bu dəfə onlardan başqa AXCP Sabirabad şöbəsinin daha bir fəalı Sahib Rüstəmli də polisə aparılıb.
Məlumata görə, polis rayon şöbəsinin daha iki fəalı Rövşən Sadıqlı ilə Tofiq Zeynalovu da saxlamaq üçün axtarır.
AXCP fəallarının saxlanmasında məqsəd onların 19 iyun mitinqində mümkün iştirakının qarşısını almaqdır.
Polsin mitinqqabağı müxalifətçi “ovu” başqa rayonlarda da qeydə alınıb. İctimai Palatanın katibi Gülağa Aslanlı “Azadlıq” radiosuna deyib ki, iyunun 18-i səhər saatlarında Müsavat Partiyasının Sabirabad və Xaçmaz rayon təşkilatlarının sədrlərini polisə çağırıb, xəbərdarlıq ediblər: «Deyiblər ki, onsuz da Bakıya gedən yollar bağlanıb, heç kim Bakıya buraxılmayacaq, tək-tək hamı yoxlanacaq. Ona görə də buna cəhd etməyin».
Qazaxda da bir müxalifətçi qrup polisə aparılıb. Bu barədə “Azadlıq” radiosuna polisə aparılanlardan Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Nizami Haqverdiyev məlumat verib: «Biz 12 nəfər çayxanada oturmuşduq. Gəldilər ki, niyə yığılıbsınız. Onlar elə bildilər ki, biz mitinqə gedirik. Ona görə bizi polis şöbəsinə apardılar, məni söydülər, təhqir etdilər, 15 dəqiqə bizi incitdilər».
N.Haqverdiyev deyib ki, onunla bir yerdə olan 11 nəfərin Azərbaycandan kənarda işləməyə getdiyi aydınlaşandan sonra sərbəst buraxılıblar: «İndi də məni zorla Qazax rayon gömrüyündən yola salırlar, Azərbaycandan kənarlaşdırırlar».
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır