Hökumət müqəddəs ocaqlarda toplanan külli miqdarda pulun bir əldə cəmlənməsini istəyir
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Milli Məclis ötən həftə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər etdi. Yeni dəyişiklik ölkədə ziyarətgahların yaradılmasına qadağa qoyur. Yəni qanunda mövcud olan ziyarətgahların yaradılması ilə bağlı bənd yeni dəyişikliklərdən sonra qanundan çıxarılıb.
Milli Məclisin deputatı Rəbiyyət Aslanova bu mövzuda danışarkən bildirib ki, qanunda edilən dəyişikliklərdən sonra ictimaiyyətin nəzir qutularına nəzarət imkanları artacaq: “İndiyə qədər bu prosesi tənzimləyə bilmirdilər. Çünki hərə özünə cavabdeh idi və hər kəs özü bildiyi formada nəzirləri xərcləyirdi. Bu icma deyirdi mənimdi, o biri deyirdi mənimdi. Ancaq indi mərkəzləşdirilmiş bir sistem olanda kimdən tələb edəcəyimizi biləcəyik. Yəni bundan sonra bu kimi məsələlərlə bağlı konkret müraciət ünvanı bu idarə (QMİ nəzərdə tutulur) olacaq”.
Qeyd edək ki, qanuna edilən son dəyişiklikdə nəzir qutuları ilə bağlı hər hansı bənd yoxdur. Ancaq R.Aslanovanın açıqlaması gələcəkdə nəzir qutuları üzərində nəzarət mexanizminin yaradılacağına işarədir. Nəzir qutuları, ümumiyyətlə müqəddəs məkanlarda toplanan ianələrin xərclənməsi zaman-zaman müzakirə mövzusu olub. Nəzir, sədəqə, ianə və digər dini vergilərin xərclənməsinin şəffaflığı məsələsi bir zamanlar Azərbaycanda hökumət qurumu ilə QMİ arasında açıq toqquşmaya səbəb olmuşdu. Dini qanuna ziyarətgahlarla bağlı bəndin salınması və MM-in komitə sədrinin açıqlaması hökumətin bu sahəyə nəzarəti artırmaq niyyətindən irəli gəlir. Çünki iddialara görə, bu sahədə bir xeyli miqdarda pul nəzarətsiz qalıb.
Ancaq bu günlərdə əldə etdiyimiz bir məlumat dini qanunda edilən dəyişikliklərdə qeyd olunan məqamlar R.Aslanovanın nəzir qutularına nəzarət ediləcəyi ilə bağlı dediklərinin əsl məqsədini ortaya çıxarır. Əldə etdiyimiz məlumata görə, hökumət ölkədə mövcud olan nəzir qutuları və digər ianə toplanan obyektləri “bir ələ”, yəni QMİ-nin nəzarətinə vermək istəyir.
Məsələ burasındadır ki, hazırda Azərbaycan ərazisində 400-dən artıq ziyarətgah var. Bu ziyarətgahlarda böyük məbləğdə pullar toplanır. Hazırda ölkədə xeyli məşhur olan ziyarətgahlar var ki, onların bir qismi QMİ-nin “çətiri” altındadır və nəzirlərdən idarəyə pay verir. Ancaq ziyarətgahların böyük bir qismi QMİ ilə hesablaşmır və toplanmış ianələrdən idarəyə pay ayırmır. QMİ sədri özü də dəfələrlə ziyarətgahların böyük əksəriyyətinin idarəyə pul vermədiyini etiraf edib.
MM üzvünün sözlərindən də belə anlaşılır ki, hökumət bu sahədə olan “pərakəndəliyi” aradan qaldırmaq, nəzir, sədəqə və ianə kimi dini məzmunlu ödənişləri bir mərkəzə (QMİ) toplamağa hazırlaşır. Ehtimal etmək olar ki, növbəti etapda QMİ-nin özünün bu pulları necə xərcləyəcəyinə dair bir mexanizm (yəni dövlət nəzarət, pay) hazırlansın. Ancaq hələlik görünən odur ki, hökumət “müstəqil” ziyarətgahları QMİ-nin nəzarətinə vermək planı üzərində işləyir. Belə görünür ki, bu mərhələdə qanunvericilikdə edilən dəyişiklikləri QMİ və onun sədrinə böyük hədiyyə adlandıra bilərik.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır