12 iyul 2011 - 19:30

Əli Kərimli: "Hazırki Azərbaycan hakimiyyəti demokratiyaya keçid yolunda ən böyük maneədir" Elçin Manafov: "Azərbaycanda belə bir seçkilərin keçirilməsi yalnız və yalnız həqiqi islahatların həyata keçirilməsi ilə mümkündür" Sərdar Cəlaloğlu: "Türkiyədə keçiriləcək seçkilərin yaxın gələcəkdə Azərbaycanda baş tutmasını xəyal etmək belə mümkün deyil"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən qardaş ölkə olan Türkiyədə parlament seçkiləri keçirildi. Seçkidən bir neçə saat sonra artıq bütün nəticələr açıqlanmışdı. AK Partiya yenidən iqtidara gələrək, Türkiyə tarixində Menderesden sonra bu cür uğura imza atan ilk partiya oldu. Türkiyədə keçirilən seçkilər və gələcəkdə Azərbyacanda belə bir demokratik seçkilərin  keçirilməsinin mümkünlüyü barədə Faktxeber.com-a açıqlama verən Azərbaycanın nüfuzlu partiya sədrlərinin fikirləri isə yəqin ki oxucularımıza da maraqlı olardı.  

AXCP sədri Əli Kərimli:

“İlk növbədə onu qeyd edim ki, Türkiyənin dünən keçirdiyi seçkilər demokratiyanın təntənəsi idi. Xüsusilə bu Azərbaycan kimi ölkələrə bir nümunə idi ki, əhalisinin sayı və ərazisi təxminən Azərbaycandan 8 dəfə çox olan Türkiyədə cəmi bir neçə saat ərzində bütün nəticələr canlı olaraq hər kəsin gözü qabağında hesablandı və bütün nəticələr elan olundu. Bizim öyrəşdiyimiz MSK-nin çirkli əməliyyatlarını heç biri baş vermədi və Türkiyə demokratiyası qalib gəldi. Buna görə bütün Türkiyə xalqını təbrik edirəm. Əlbəttə ki, seçkinin qalibi AK Partiyadır. AK Partiya hətta Türkiyə tarixində çox az rast gəlinən rekorda imza atmaqdadır. Belə ki, iki dəfə iqtidar olduqdan sonra, artıq 3-cü dəfə iqtidar olmaqdan ötrü xalqdan dəstək alıblar. Bu onun göstəricisidir ki, əvvəlki illərdə AK Partiyanın  Türkiyə xalqına etdiyi xidmət və idarəetmə üsulu Türkiyə xalqı tərəfindən yüksək rəğbətlə qarşılanıb. AK Partiya iqtidarda ola-ola nəinki səslərinin azalmasına imkan verməyib, əksinə milyonlarla xalqın səsini qazanıb.  Artıq AK Partiya axırıncı seçkilərdən sonra səslərinin sayını 5 milyona qədər artırıb. Bu çox təqdirəlayiq bir haldır və sözügedən partiyanın böyük uğurudur. Onu da qeyd edim ki, əslində müxalifət partiyaları da bu seçki kampaniyasında çox böyük mübarizə apardılar. Ona görə mən deyərdim ki, Türkiyədə MHP-nin və CHP-nin simasında güclü müxalifət fəaliyyət göstərir. Amma məsələ burasındadır ki, iqtidar partiyası daha güclüdür.  Əslində zəif bir iqtidar olsaydı, Türkiyə müxalifəti mütləq ona qalib gələrdi. Hal-hazırda gördüyümüz AK Partiya güclü bir iqtidardır və Ərdoğan da çox güclü bir siyasi liderdir. Ona görə də, o belə bir böyük qələbəni əldə edə bildi.

Mütlqədri ki, bu cür demokratik seçkilər Azərbaycanda da keçiriləcək. Bütün dünya demokratiya istiqamətində hərəkət edir. Bir az gec, bir az tez hamı demokratiyaya keçəcək. Əgər son illərə qədər bəzi müsəlman ölkələrinin dikatatorları özlərinin geridəqalmış orta əsr qaydalarına yaraşan idarəetmə üsullarını əsaslandırmaq üçün belə bir yanlış tezis irəli sürmüşdülər ki, guya müsəlmanlar demokratiya keçə bilməzlər. Amma son illərin təcrübəsi, xüsusilə Türkiyənin son illərdə olan böyük təcrübəsi və son aylarda ərəb dünyasında gördüyümüz demokratik dəyişiklər bu tezislərin hamısını alt-üst edib. Bütün bəşəriyyət demokratiyaya doğru yürüyür. Azərbaycanda demokratiyaya qovuşacaq və bizim demokratiyaya gedən yolda qarışımıza çəkiləcək əngəllərin hamısı aşılacaq.

Lakin Azərbaycan bu hakimiyyəti ilə heç bir nailiyyət əldə edə bilməyəcək. Hazırki hakimiyyət demokratiyaya keçid yolunda ən böyük maneədir. Azərbaycan hakimiyyəti digər avtoritar rejimlər kimi müvəqqətidir və əbədi olaraq davam etməyəcək. Azərbaycan xalqı nəhayət bir gün bu hakimiyyətin əlindən xilas olacaq.”

AİP sədri Elçin Manafov:

“Biz bu seçkiləri dəstəkləyirik. Türkiyədə keçirilən seçkilər bir çox ölkələr üçün nümunə ola bilər. Ərdoğanın özünə gəldikdə isə o, siyasi lider olaraq çox böyük şəxsiyyətdir. Və bu bütün dünyada qəbul edilir. Bu da təsadüfü deyil. Ərdoğan və onun təmsil etdiyi partiya bu nailiyyətləri qazanmaq üçün çox böyük işlər görüb. Əgər Ərdoğan bütün dünyada, xüsusilə ərəd dünyasında bu cür rəğbət və məhəbbətlə qarşılanıbasa, mütləqdir ki, Türkiyə xalqı tərəfindən də bu dəstəyi almalı idi. Ərdoğan bir neçə il bundan qabaq Davosda etdiyi çıxış hamımızın çox gözəl yadındadır. Ərdoğan həmin çıxışı ilə bütün dünya müsəlmanlarının məhəbbətini qazandı.

Azərbaycanda isə belə bir seçkilərin keçirilməsi yalnız və yalnız həqiqi islahatların həyata keçirilməsi ilə mümkündür. Çünki bizim xalq etimadını itirmir və təyin olunmuş ədalətsiz rəhbəri qısa bir zaman ərzində rüsvay etmək istəmir. Bizim millətin bir neçə müsbət xüsusiyyəti var, xüsusilə etimad və şəxsiyyət vermə xüsusiyyəti. Xalqın bu cür etimadından sui-istifadə etmək olmaz. Ərəb xalqlarına baxdıqda Azərbaycan xalqının sosial durumu və hakimiyyət tərəfindən məruz qaldığı çətinliklər həddən artıq çoxdur. Lakin ərəblərdən fərqli olaraq, Azərbaycan xalqı yenə də dözümlülük nümayiş etdirir. Bu dözümlülüyü qorxaqlıq kimi qiymətləndirmək lazim deyil. Bu dözümlülükdən və etimaddan istifadə edib qısa bir zaman ərzində islahatlar həyata keçirmək lazımdır.”

ADP sədri Sərdar Cəlaloğlu:

“Əvvəla onu deyim ki, Türkiyədə keçirilən seçkilər sözün əsl mənasında konstitusion və demokratik oldu. Bu seçkilər Türkiyə xalqının həqiqi iradəsini nümayiş etdirdi. AK Partiyanın son iki dönəm ərzində apardığı xalq siyasətinin uğurlu nəticəsi idi ki, bu dəfə də yenidən xalqın səsini qazandı. Ümumiyyətlə, keçirilən seçkilər onu göstərdi ki, Türkiyə geri dönməz şəkildə Avropa dəyərlərini mənimsəyərək, onun inkişaf yolunda sürətlə irəli gedir.

O ki, qaldı “Azərbaycanda belə bir seçkilərin keçirilməsi mümkündürmü” sualına, onu deyərdim ki, hər şey siyasi iqtidarın iradəsindən asılıdır. Məsələ burasındadır ki, Türkiyədə baş verənlər, öz-özünə baş verməyib. Yəni kifayət qədər insanlar səy göstərərək, mübarizə aparıblar. Ərdoğanın bugünkü vəziyyətə gəlib çıxması tarixinə baxsaq görərik ki, Ərdoğan həbsxanalardan keçib, uzun müddət siyasətdən kənar qalmaq məhdudiyyəti ilə üzləşibdir. Lakin bu qədər çətinliklərə baxmayaraq, Ərdoğan daima tutduğu yolun doğru olduğunu anlayıb və öz yolundan heç vaxt geri çəkilməyib.  Türkiyə bizdən fərqli olaraq daha çox Avropanın içərisindədir. Nəzər alsaq ki, NATO-nun ən böyük tərəfdarı Türkiyədir və NATO Avropanın tələblərinin genişləndirilməsində önəmli rol oynayan təşkilatlardan biridir. Bu amillərin hamısı Türkiyənin demokratikləşməsində mühüm rol oynayır.

Digər tərəfdən Türkiyə öz iqtisadiyyatı ilə daha çox avropa iqtisadiyyatına inteqrasiya edib. Türkiyədən fərqli olaraq Azərbaycan isə Avropa iqtisadiyyatına yalnız neft və qaz məhsulları ilə inteqrasiya edib. Bundan əlavə, Türkiyə Azərbaycandan fərqli olaraq Avropanın insan haqları və demokratiya barədə olan dəyərlərinin hamısına əməl edir. Yəni bu baxımdan da Türkiyə Azərbaycandan qat-qat irəlidədir. Lakin Azərbaycan açıq və qəti şəkildə Avropadan uzaqlaşmaqla Avropa dəyərlərinə müqavimət göstərmək xətti götürüb. Bu gün Türkiyə Avropanın şərtlərini nəzərə alaraq konstitusiyanın maddələrini dəyişir və Avropanın bütün tələblərinə cavab verir. Azərbaycan höküməti isə Avropa təşkilatlarının ölkədə baş verən ictimai-siyasi hadisələrlə bağlı bəyanatlarını və fikirlərini tam olaraq qərəzli hesab edir. Bu baxımdan Azərbaycanda yaxın gələcəkdə demokratik seçkilərin keçirilməsinə ümid etmək olmaz. Yəni Türkiyədə keçiriləcək seçkilərin yaxın gələcəkdə Azərbaycanda baş tutmasını xəyal etmək belə mümkün deyil. Türkiyənin bu yerə gəlib çıxmasının əsas səbəblərindən biri ona qarşı səsləndirilən haqlı iradları aradan qaldırması olub. Düşünürəm ki, Türkiyə bundan sonra da bu xətti davam etdirəcək.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır