26 may 2011 - 19:30

Nemət Pənahlının məhkəmədə həbsinin səbəblərini açıqlayıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 27-də Nəsimi Rayon Məhkəməsində xalq hərəkatı fəalı, xuliqanlıqda ittiham olunan Nemət Pənahlının və onun dostu Ceyhun Fərzullayevin mühakiməsi davam edib. “Media forum” saytına məlumat verən Nemət Pənahlının qardaşı Səməd Pənahlı prosesə gələn adamların zala keçməsində problem olduğunu deyib: “Proses saat 9:15-də başlamalı idi. Artıq səhər saat 9-a 10 dəqiqə qalmış məhkəmə binasının qarşısında içi polis əməkdaşları ilə dolu beş Çevik Polis Alayı maşını, eləcə də mülki geyimli şəxslər vardı. Onlar bizi, eləcə də prosesi izləmək istəyən digərlərini içəri buraxmaq istəmədilər. Hətta məhkəmənin həyətinə belə buraxmırdılar. Yalnız vəkil Samir İsayevin, məhkəmə nəzarətçilərinin müdaxiləsindən sonra içəri daxil olduq. Məhkəmə zalına daxil olanda isə həmin mülki geyimli şəxslərin yerlərin çoxunu tutduqlarını gördük”.

Səməd Pənahlının verdiyi məlumata görə, bu gün keçirilən prosesdə vəkil Samir İsayev ötən prosesdə ifadə vermiş tibbi eksretin izahatına dair vəsatətlə çıxış edib. Müdafiə tərəfi tələb edib ki, tibbi ekspert yenidən məhkəməyə gələrək ifadə versin və eyni zamanda alternativ, müstəqil ekspert məhkəməyə dəvət edilsin və onun rəyi öyrənilsin. Hakim Elman Əhmədov bu vəsatəti təyin etmədiyinə görə müdafiə tərəfi hakim heyətinə etiraz edilib. Vəsatət isə təmin olunmayıb. Bundan sonra Nemət Pənahlıya söz verilib. O, həbsinin siyasi xarakter daşıdığını, yazdığı məqalələrə görə, hazırladığı, lakin çap olunmayan kitabına görə şərləndiyini bildirib.

Səməd Pənahlının sözlərinə görə, dövlət ittihamçısı məhkəmə prosesinin bu gün bitməsini, hakimin ittiham olunanlara hökm oxumasını istəyib. Lakin müdafiə tərəfi bunu etiraz edib. Hakim prosesin iyunun 1-də, saat 14.30-da davam etdirilməsi barədə qərar verib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır