Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: “Hicaba azadlıq” aksiyasına görə 15 sutka inzibati həbs cəzası alan ilahiyyatçı Taleh Bağırov haqqında cinayət işinin başlandığı bildirilib. Cinayət işinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə başlandığı barədə hələ məlumat yoxdur.
T.Bağırovun vəkili Dilqəm Ağayev açıqlamasında hazırda bunu dəqiqləşdirmək imkanına malik olmadığını deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, bu tipli məsələlər barədə məlumatı ictimaiyyətə istintaq qrupu verə bilər: “Qrup rəhbəri istintaqın gedişatı ilə bağlı hansı məlumatın ötürülüb-ötürülməməsini özü müəyyənləşdirir”.
“Hicab aksiyası” mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Qeyri-rəsmi məlumata görə, indiyə qədər 12 nəfərə cinayət işi qaldırılıb. Bu aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə şərlənərək iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi, istintaq qrupunun rəhbəri Nazim İsmayılovdur.
Aksiya zamanı həbs olunan ilahiyyatçı T.Bağırov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb. Mayın 21-də onun bu cəzasının müddəti başa çatır.
Mayın 18-də T.Bağırovun saxlandığı Binəqədi rayonundakı İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasından Nərimanov Rayon Polis İdarəsinə, daha sonra Bakı Şəhər Baş Polis İdarəsinə aparıldığı xəbəri yayılmışdı.
Mayın 20-də onun inzibati qaydada həbs olunmasından verilən apellyasiya şikayətinə baxılmalı idi. Vəkil D.Ağayevin sözlərinə görə, proses mayın 24-dək təxirə salınıb. Səbəb hakim Camal Ramazanovun işə çıxmamasıdır.
Hacı Tale Bağırovun yaxınlarının isə İslam-Azeri.az İnternet Qəzetinə verdiyi məlumata görə, Hacı Tale Kürdəxanıdakı təcridxanaya aparılıb. Həmçinin Hacı Tale ilə birlikdə bir nəfər dindarın da aparıldığı bildirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır