Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 16-da Bakıda, “Təzəpir” məscidində Qafqaz Xalqları Ali Saray Dini Şurasının hesabat toplantısı keçirilib. Şuranın sədri Allahşükür Paşazadə hesabat məruzəsi ilə çıxış edib. O, dini konfessiyalar arasında dialoqa hələ də ehtiyac olduğunu vurğulayıb. Allahşükür Paşazadə qeyd edib ki, Qafqaz Xalqları Ali Dini Şurası milli, dini, məzhəb ayrı-seçkiliklərini aradan qaldırmaq və dinlərarası əlaqələri gücləndirmək istiqamətində fəaliyyət göstərir: “2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin toplantısının keçirilməsi bu əlaqələrin xüsusi mərhələyə qədəm qoymasından xəbər verir”.
Çeçenistan müftisi belə tədbirlərin danışmaq üçün yox, problemlərin aradan qaldırılması üçün keçirildiyini deyib. Dini rəhbərləri öz işlərinə ciddi yanaşmağa çağıran müfti bəzən problemlərin işə səhlənkar münasibətdən qaynaqlandığını vurğulayıb. Şimali Qafqazda dini zəmində radikallığın azaldığını deyən müfti bu amilin tam sıradan çıxması üçün gənclərlə işləməyin vacib olduğunu bildirib və bütün konfessiya rəhbərlərini bu sahədə birgə fəaliyyətə çağırıb.
Krasnodarın dini rəhbəri xristian gənclərin məscidlərdən, müsəlman gənclərin isə kilsələrdən xəbərsiz olmalarına diqqət çəkib və dini liderləri bu cür psixoloji maneələri aradan qaldırmağa çağırıb. O, ərəb ölkələrində baş verən inqilabları pisləyib və deyib ki, belə halların Azərbaycan və Rusiyada təkrarlanmasının qarşısını almaq lazımdır. Pravoslav kilsəsinin Xəzəryanı ölkələr üzrə rəhbərliyi də Krasnodar müftisi ilə həmrəy olduğunu bildirib.
“Turan”ın məlumatına görə, sonda dini liderlər qətnamə qəbul ediblər. Qətnamədə siyasətin və dinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi, ancaq hər ikisinin sülhə, insanların yaşamaq haqqına, rifaha xidmət etməsi vurğulanıb. Sənəddə o da qeyd olunub ki, ərəb dünyasında baş verən qarşıdurmalar dünya müharibəsinə səbəb ola bilər və buna görə də dövlətlərin daxili işlərinə müdaxilə yolverilməzdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır