Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: ABŞ-da Missisipi çayının daşma təhlükəsi yaranıb. Daşqının qarşısını almaq üçün Amerika hərbçiləri Missisipi çayının şlüzlərini açmağa başlayıblar.
Artıq Luiziana ştatında yerləşən Morqanza bəndi açılıb. ABŞ ordusunun mühəndis korpusunun nümayəndələri bəndin nəzarət altında saxlandığını və oradan suyun tədricən boşaldılacağını bildirirlər.
İri şəhərlərdə daşqının qarşısını almaq məqsədilə görülən tədbir bir neçə həftəliyə 8000 kvadrat kilometr ərazini su altında qoysa da, Yeni Orlean, Baton-Ruc kimi iri şəhərlərdə daşqın olmayacaq. Region rəhbərliyi artıq 25 minə yaxın adam üçün müvəqqəti sığınacaq da hazırlayıb. Buraya Morqanza bəndinin açılması ilə əlaqədar öz evini tərk edən sakinlər yerləşdirilir.
Qeyd edək ki, ABŞ-ın mərkəzi hissəsində son 70 ilin ən güclü daşqını leysan yağışların və qar əriməsinin nəticəsidir. Su səviyyəsinin artdığı Missisipi çayının bəndləri isə axırıncı dəfə 1973-cü ildə açılıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır