Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Gürcüstanın dini işlər üzrə rəsmiləri Metek Şeroton hotelində “dini islahatlar” paketini müzakirə edərək heç də bölgədə sabitliyə xidmət etməyən qərar qəbul etmişlər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndiliynin təyinat hüququ əlindən alınaraq yeni yaradılmış Gürcüstan Müsəlmanları idarəsinə verilmişdir. Qərara görə yeni idarəyə və bütün məscidlərə Batumidəki müfti rəhbərlik edəcəkdir.
Borçalı Cəmiyyətindən Faktxeber.com-a verilən məlumata görə, Gürcüstanın bu qərarı regionda kifayət qədər gərgin ictimai-siyasi prosesler getdiyi bir vaxtda düşünülməmiş, Azərbaycan və Gürcüstan arasında gərginlik yaratmağa hesablanmış, bölgədə barış və sülhü, iki dövlətin strateji tərəfdaşlığını istəməyən qüvvələrin əlinə fürsət verən təxribatdır. “Şübhə etmirik ki, bu Gürcüstanın rəsmi mövqeyindən daha çox Gürcüstanı qarışdırmaq niyyətində olan təxribatçı qüvvələrin işidir. Biz bu cür özbaşnalığı “Faxralı məscidi” təxribatında, müsəlman kəndlərinin giriş və çıxışında (xüsusilə Bolnisi rayonu ərazisində) insanlara psixoloji təsir vasitəsi olan dəmir xaçların quraşdırılmasında, son vaxtlar Gürcüstan Reyestr idarəsində Marneulidə türk-kənd adlarının dəyişdirilmiş formada xəritəyə salınmasında aydın müşahidə etmiş və bu qənaətə gəlmişik ki, bunlar və yeni olay Azərbaycana qarşı məqsədyönlü şəkildə vahid mərkəzdən idarə olunan təxribatdır.
“Borçalı” Cəmiyyəti İH və onun minlərlə üzv və tərəfdaşları Gürcüstanın müvafiq rəsmi dövlət və dini qurumlarından bu məsələyə kəskin münasibət bildirməyə, “dini islahatlar”adı altında Azərbaycan dini qurumlarına v ə rəsmi dövlətinə sayğısızlıq kimi dəyərləndiriləcək qərarın ləğv olunmasına çağrırıq, əks halda bu dinlər arası tolerantlığa ciddi zərbə vurmaqla bölgədə stabilliyin pozulmasına qədər arzuolunmaz sonluq vəd edir. Bu isə Ermənistan istisna olmaqla heç bir Qafqaz dövlətinin marağına uyğun deyildir.
“Borçalı” Cəmiyyəti bu hadisəni eyni zamanda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin dini siyasəti yürütməkdə buraxdığı səhvlərin acı sonluğu kimi dəyərləndirir və şeyx Hacı Allahşükür Paşazadə cənablarından izahat istəməklə, onun birbaşa məsuliyyət daşıdığını vurğulamağı da özünün borcu hesab edir.”
Qeyd edək ki, mayın 16-da Bakıda Qafqazın Ali Dini Şurasının hesabat iclası keçiriləcək. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti bildirir. İclasda QMİ-nin Gürcüstanda və Dağıstandakı səlahiyyətli nümayəndələri, həmçinin həmçinin Şimali Qafqaz respublikalarının müftiləri iştirak edəcəklər. İclas iştirakçıları Qafqazda dini vəziyyətə aid olan məsələləri müzakirə edəcəklər.
1992-ci ildə yaradılmış Qafqaz Xalqlarının Dini Şurasının rəhbəri QMİ sədri Allahşükür Paşazadədir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır