Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: NATO Liviyadakı hərbi əməliyyatların birinci mərhələsinin başa çatdığını və ikinci mərhələnin başlandığını bəyan edib. İkinci mərhələdə məqsədin Liviya lideri Müəmmər Qəzzafinin komanda məntəqələrinin məhv edilməsi olduğunu bildirən NATO təmsilçiləri Qəzzafinin özünün aradan götürülməsi haqda heç bir söhbət getmədiyini vurğulayıblar.
Amma Liviya liderinin artıq 10 gündür görünmədiyi deyilir. Bəzi kütləvi informasiya vasitələri Qəzzafinin yaralandığını və ya öldürüldüyünü ehtimal edir.
NATO-nun birləşmiş komandanlığının nümayəndəsi, italiyalı general Klaudio Qabellini Qəzzafinin harada olduğu və vəziyyəti haqda məlumat olmadığını etiraf edib.
Liviya hakimiyyəti isə ölkə başçısının həlak olan kiçik oğlu Seyfülərəbə yas saxladığını xəbər verir.
Seyfülərəb mayın 1-nə keçən gecə NATO təyyarələrinin bombardmanında atasının paytaxt Tripolidəki iqamətgahında həlak olub. Həmin bombardmanda Qəzzafi də iqamətgahında olub və o gündən xalq onu görməyib.
Liviyada fevralın ortalarından xalq üsyanı gedir. Əsas tələb 1969-cu ildən hakimiyyət başında olan Müəmmər Qəzzafinin istefasıdır. Toqquşmalarda minlərlə adam həlak olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır