Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakının Nəsimi rayonu ərazisində ağlagəlməz məkanda cinayət törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxslər “Səməd Vurğun” parkında yerləşən ümumi ayaqyolunda paytaxt sakini 21 yaşlı Əziz Nəsirova hücum edib.
Başından küt alətlə xəsarət alan Ə.Nəsirov huşunu itirərək ayaqyolunda qalıb. Hadisə şahidlərinin köməkliyi ilə yaralı 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.
Yaralı özünə gələndən sonra cibində olan 800 manat pulun cinayətkarlar tərəfindən aparılmasının şahidi olub. İlkin dindirmə zamanı Ə.Nəsirov hadisədən bir az əvvəl tanışı ilə kafedə olduğunu bildirib. Kafedən çıxandan sonra ayaqyoluna girib. Onun fikrincə, ona hücum edənlər elə kafedə onu izləyirmiş.
Hazırda Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları cinayətkarın axtarışına başlayıb. Hələlik saxlanılan yoxdur.
Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır