5 may 2011 - 19:30

Vidadi Mirkamal: "Avropaya inteqrasiya edən bir dövlətdə belə hallar yolverilməzdir, insanların döyülməsi - vəhşilikdir"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamal baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Bütün bu məsələlər hüquq müstəvisində həll edilməlidir. İnsanların azad toplaşmaq hüququ təmin edilməlidir, dövlət buna imkan yaratmalıdır. İkincisi, sərbəst toplaşmaqla bağlı qanunda qanunsuz aksiya keçirilməsi və s. maddələr yoxdur, sadəcə razılaşdırılmamış, xəbərdar edilməklə və s. mövzular var. Əgər hətta aksiya razılaşdırımamışdırsa, bu, cinayət deyil. Orada polisin müdaxiləsi də qanun çərçivəsində olmalıdır. İnsanları döymək və zorakılıq etmək - bunlar vəhşilikdir. Avropaya inteqrasiya edən dövlətdə belə hallar yolverilməzdir. Buna nə bizim qanunlarımız, nə də beynəlxalq konvensiyalar imkan verir".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır