5 may 2011 - 19:30

DEVAMM aksiyaçılara qarşı zorakılığı kəskin surətdə pisləyən bəyanat qəbul etmişdir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.

. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "Məktəblərdə hicabın qadağasına qarşı aksiya keçirmək, öz narazılıqlarını və etirazlarını ifadə etmək - vətəndaşların ölkə Konstitusiyası və Azərbaycanın qoşulduğu beynəlxalq-hüquqi sənədlərlə birmənalı təsbit edilən fundamental hüquqlarındandır. İnsanlar dinc, sivil yolla, şüar səsləndirməklə bu qadağaya öz etirazlarını bildirmişlər. Lakin, aksiyanın dinc və sivil keçirilməsinə baxmayaraq, aksiyaçıları nəinki dinləmiş və etirazlarına diqqət etmiş, əksinə, onları dərhal dağıtmağa başlanmış, sərbəst toplaşmaq azadlıqlarının pozulmasına üstünlük vermişlər. Bu azmış kimi, vətəndaşların hüquq və azadlıqlarının kobud surətdə pozulmasını davam etmiş, aksiyaçılara qarşı qeyri-qanuni qüvvə tətbiq edilmiş, həbslər aparılmışdır. Qüvvədə olan qanunvericiliyin, o cümlədən, Konstitusiyamızın, "Polis haqqında" qanunun vətəndaşlarla bu cür rəftarı qəti surətdə və birmənalı olaraq istisna etməsinə məhəl qoymadan, aksiyaçılara qarşı qeyri-insani rəftar edilmişdir. DEVAMM olaraq, buna qarşı öz qəti etirazımızı bildiririk, məmurları ölkə qanunlarına, insanların hüquq və azadlıqlarına hörmət etməyə çağırırırq. Saxlanılanların dərhal azad olunmasına, qeyri-insani rəftara yol vermiş polis əməkdaşlarına qarşı xidməti uyğunsuzluq normalarının tətbiqinə çağırırıq".

Eyni zamanda, DEVAMM hicab qadağasının davam etməsini bu cür halların əsas səbəbi olmasına diqqət çəkmiş və problemin təcili həll edilməsinə çağırmışdır: "Artıq 6 aya yaxındır ki, ölkə məktəblərində hicaba qarşı əsassız və qeyri-hüquqi qadağa davam edir. Minlərlə insanın təhsil hüququ və dini etiqad azadlığı pozulmaqdadır. DEVAMM olaraq, bir daha bu problemin təcili həll olunmasına, insanların hüquq və azadlıqlarının təmin edilməsinə çağırırıq".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır