Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Aprelin 28-də Müsavat partiyasının qərargahında Ictimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. Koordinasiya Şurasının üzvü Ədalət Yusubov “mediaforum”a açıqlamasında deyib ki, Müsavat başqanı Isa Qəmbərin sədrliyilə keçirilən iclasda 14 üzvdən 11-i iştirak edib. AMIP sədri Yusif Bağırzadə, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, Aqil Səmədbəyli və Mehriban Vəzir toplantıya qatılmayıblar.
Koordinasiya Şurasının iclasında Ictimai Palatanın bu gün Müsavat partiyasının qərargahında keçiriləcək sessiyasına hazırlıq məsələlərinə baxılıb. Qərara alınıb ki, sessiyada üç məsələ - Ictimai Palataya üzvlərin qəbulu, ictimai-siyasi vəziyyət və kütləvi aksiyalara hazırlıq müzakirə olunsun. Həmçinin 50-dən artıq şəxsin Ictimai Palataya üzv qəbul edilməsi məsələsinə baxılacaq.
Ədalət Yusubovun sözlərinə görə, dünəndən Ictimai Palatanın Koordinasiya Şurasının iclaslarına sədrlik Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri Hacı Ilqar Ibrahimoğluna keçib: “29 aprel sessiyasına Hacı Ilqar Ibrahimoğlu sədrlik etməlidir. Lakin Ilqar bəy dedi ki, sessiyada mühüm siyasi qərarlar qəbul olunacağından toplantıya siyasətçilərdən biri rəhbərlik etməsi məsləhətdir. Yəqin ki, sessiyaya siyasətçilərdən biri rəhbərlik edəcək”.
Ictimai Palatanın 2 aprel mitinqinə görə açılan cinayət işi üzrə şahid qismində dindirilmək üçün Bakı Şəhər Baş Polis Idarəsinə çağırılan Müsavat Partiyasının başqanı Isa Qəmbər sessiyada iştirak edə bilməyəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır