19 aprel 2011 - 19:30

Akif Heydərli: "Artıq icazəsiz mitinq keçirilməsi ilə bağlı məsələyə yenidən baxacağıq"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının (AİP) mitinq keçirməklə bağlı etdiyi növbəti müraciətinə də müsbət cavab verməyib. Bu barədə FaktXeber.com-a AİP-in Mətbuat Xidmətinin rəhbəri Akif Heydərli məlumat verib. Onun sözlərinə görə, Bakı meriasından İslam Partiyasının mitinq keçirilməsi məqsədəuyğun hesab edilməyib. "AİP-in 10 min nəfərlik mitinq keçirməsi paytaxt rəhbərliyinə çətinlik yaradacağından BŞİH bunu məqsədəuyğun hesab etməyib. BŞİH mitinq üçün alternativ yer təklif etməyib"-deyə Akif Heydərli əlavə edib.

Qeyd edək ki, İcra Hakimiyyətinin mitinq keçirilməsinə icazə verməməsindən sonra, AİP-in atacağı növbəti addımlar barədə danışan Akif Heydərli bildirdi ki: "Artıq icazəsiz mitinq keçirilməsi ilə bağlı məsələyə yenidən baxacağıq. Ola bilsin ki, bu dəfə icazəsiz mitinq keçirilsin. Bu barədə qərar AİP-in bütün regionlar və rayonlardan gələn üzvlərinin keçirdiyi Baş Məclisdə qəbul olunacaq. Məhz Baş Məclisdə mitinqin icazəli və ya icazəsiz, harada və necə keçirilməsi barədə qərar qəbul ediləcək".

Nəzərinizə çatdıraq ki, martın 29-da Azərbaycan İslam Partiyası (AİP) aprelin 24-də paytaxtın Nizami rayonu ərazisində Q.Qarayev prospektində yerləşən “Təbriz” kinoteatrının qarşısındakı meydanda və Nərimanov rayonu ərazisində Araz küçəsi, 4 ünvanında yerləşən, “Ulduz” metro stansiyasının qarşısında mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Xatırladaq ki, mitinqin keçiriliməsində əsas məqsəd aksiyada Qarabağın işğaldan azad edilməsi, hicaba qadağanın ləğvi və hicdan məhbuslarının azadlığa buraxılması idi.  

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır