18 aprel 2011 - 19:30

Polis xalq hərəkatı liderlərindən Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahlını saxlayıb. Pənah Pənahlının atası Səməd Pənahlı bildirib ki, aprelin 19-u günorta saatlarında oğlu Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsinə aparılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Polis xalq hərəkatı liderlərindən Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahlını saxlayıb. Pənah Pənahlının atası Səməd Pənahlı bildirib ki, aprelin 19-u günorta saatlarında oğlu Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsinə aparılıb.

Səməd Pənahlı bildirib ki, hadisə qardaşı Nemət Pənahlının Nəsimi Rayon Məhkəməsində keçirilən mühakimə prosesindən - hazırlıq iclasından sonra baş verib: “Biz hamımız məhkəmə zalından çıxdıq. Pənahı maşına oturan yerdə tutub bölməyə aparıblar. Bölmədə ona deyiblər ki, guya məhkəmə binasının qarşısında xuliqanlıq edib, kimlərisə söyüb və sairə. Lakin o heç kimi söymədiyini, səs-küy salmadığını bildirib, izahatında da belə qeyd edib”.

Səməd Pənahlı 20-ci polis bölməsinin rəhbərliyi ilə görüşdüyünü vurğulayıb: “Dedim ki, daha nəsildə adam qalmadı, belə çıxır hamımız xuliqanıq, həbsxanaya salınmalıyıq. Bu səs-küydən sonra xəbərdarlıq edib Pənahı buraxdılar”.

Qeyd edək ki, bu gün Aprelin 19-da Nəsimi Rayon Məhkəməsində xalq hərəkatı liderlərindən olmuş Nemət Pənahlının və onun yaxın dostu Ceyhun Fərzullayevin məhkəməsi üzrə hazırlıq iclası keçirilib.

hazırlıq iclası gərgin şəraitdə keçib. Bu barədə Nemət Pənahlının qardaşı Səməd Pənahlı bildirib: “Prosesi müşahidə etmək üçün mətbuatdan, ictimaiyyət nümayəndələrindən gələn çox idi. Amma onları içəri buraxmadılar. Vəkillər prosesi hər kəsin müşahidə etməsinə şərait yaradılaması üçün vəsatət qldırdılar. Nemət bəy də çıxış edib bildirdi ki, bu vəsatətin təmin olunması ictimaiyyət üçün lazımdır, çünki burada çox məsələyə aydınlıq gətiriləcək. Lakin vəsatət təmin olunmadı. Daha sonra vəkillər Nemət Pənahlının zaminə buraxılmasına dair vəsatət qaldırdılar. Dövlət ittihamçısı bu vəsatətə qarşı çıxdı. Hakim vəsatəti təmin etmədi”.

Məhkəmə prosesi mayın 3-ü saat 10.00-a təyin olunub.

Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 8-də birlikdə tutulublar. Onlar Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham edilirlər. İttihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər. Nemət Pənahlı ilə Ceyhun Fərzullayevin müdafiəçiləri bu ittihamı qondarma sayır və onların siyasi sifariş nəticəsində tutulduqlarını iddia edirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır