16 aprel 2011 - 19:30

“Narıncı lentləri yaxşı xatırlayırıq, o vaxt da həmin cəhdlər iflasa uğradı”

Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi xəbərə əsasən: İlham Əliyev Astarada rayon ictimaiyyəti ilə görüşdə deyib: “Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. O vaxt Azərbaycanın taleyi həll olunurdu. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa etdik. Ancaq 1993-cü ildə ölkəmizdə gedən xoşagəlməz proseslər və yaşanan gərginlik, böhran faktiki olaraq müstəqilliyimizi də sual altına qoyub. O vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər vəzifə borcunu layiqincə yerinə yetirə bilməyiblər və çətin vəziyyətlə üzləşərək vəzifələrini dondurdular, ölkədən də qaçdılar”.

Onun sözlərinə görə, xalq ölkəmizin yeni müstəqillik qazandığı illəri yaxşı xatırlayır: “Hazırda o adamların yenə də hansısa işi görmək cəhdləri böyük diqqətə layiq deyil. Bunlara heç əhəmiyyət də verməyin. Bunlar sadəcə görüntü naminə atılan addımlardır və Azərbaycanda nə sabitliyi sarsıda, nə də uğurlu inkişafa xələl gətirə bilər. Çünki 90-cı illərin əvvəllərində Azərbaycanda vətəndaş müharibəsini başlamış, ondan sonra qorxaqcasına ölkədən qaçmış insanlara ölkəmizin siyasi səhnəsində yer yoxdur. O adamlar artıq tarixin arxivindədir”.

Prezident bəyan edib ki, vaxtaşırı hər hansı bir ölkədə baş verən hadisə bunları da nisbətən canlandırır, ruhlandırır: “Bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da bir növ hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idi. Narıncı lentləri, bantları yaxşı xatırlayırıq. O vaxt da həmin cəhdlər iflasa uğradı. Çünki xalq onların hərəkətlərini dəstəkləmədi. Bu dəfə də ümumiyyətlə bu məsələ ilə bağlı heç danışmağa ehtiyac yoxdur. Çünki dövlət o qədər güclüdür, Azərbaycanda ictimai-siyasi sabitlik o qədər möhkəmdir ki, işimizə mane olmaq, Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə xalq çoxdan yox deyib”.

“Bu gün Azərbaycan sözün əsl mənasında nəinki öz müqəddəratını, öz taleyini özü müəyyən edir, bölgədə gedən proseslərə də təsir imkanlarımız artır” - deyən dövlət başçısının fikrincə, bu gün Azərbaycanın maraqlarını nəzərə almadan bölgədə heç bir məsələ öz həllini tapa bilməz: “Bu gün Azərbaycan regional amilə çevrilib və artan gücümüz vətəndaşları, dostlarımızı sevindirir, amma bizə pis münasibət bəsləyən qüvvələri qıcıqlandırır. Əfsuslar olsun ki, ölkədə hələ də elə qüvvələr var. Onlara heç qüvvə də deyə bilmərəm”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır