Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Səudiyyə Ərəbistanına yola düşür. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, səfər aprelin 23-dək davam edəcək.
Səfər zamanı A.Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Həcc Missiyası olaraq Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə növbəti Həcc mövsümü ilə bağlı danışıqlar aparacaq. Krallığın Məkkə, Ciddə və Mədinə şəhərlərində yerləşən müvafiq qurumları ilə görüşlər zamanı Azərbaycanlı zəvvarların Həcc ziyarəti ilə bağlı bütün məsələlər müzakirə olunacaq.
Müzakirələrin nəticəsi olaraq QMİ ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol və müqavilələr imzalanacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır