22 mart 2011 - 19:30

Yəmən hakimiyyəti parçalanıb. Martın 21-də ordunun bir hissəsi prezidentin istefasını tələb edən müxalifətin tərəfinə keçib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Generallar Əli Mohsən Əl-Əhmar, Nasir Əli Şuaybi, Məhəmməd Əli Möhsən, Həmid Əl-Kusaybi və 60 yaxın zabit daha prezident Abdulla Salehə tabe olmadıqlarını, xalqa dəstək verdiklərini açıqlayıblar. General-mayor Əli Mohsən Əl-Əhmar nümayişçiləri qorumaq üçün paytaxt Sananın küçələrinə zirehli hərbi texnika çıxarıb.

Martın 18-də Yəmən polisi paytaxt Sanada nümayişçiləri atəşə tutub. 50 nəfərdən çox nümayişçi həlak olub. Bu hadisədən sonra nüfuzlu tayfalardan birinin lideri Haşid şeyx Sadiq əl-Əhmar prezidentin istefasını istəyən nümayişçilərə dəstək verdiyini elan edib. Yəmənin bir neçə naziri və ölkənin BMT-dəki səfiri Abdulla Əlsəidi istefa veriblər. Martın 20-də prezident hökuməti istefaya göndərib.

Fevral ayından Yəməndə prezident Abdulla Salehin istefası tələbi ilə aksiyalar keçirilir. Abdulla Saleh 1978-ci ildən Şimali Yəmənə başçılıq edib, 1990-cı ildən isə vahid Yəmənin prezidentidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.