16 mart 2011 - 20:30

Elçin Manafov: "Onsuz da möminlərin itirəcəyi bir şey yoxdur, biz heç nədən çəkinmədən Allah yolunda, vətən, xalq yolunda, mənəvi-əxlaqi dəyərlərimizin qorunması, namus, qeyrət uğrunda şəhid olmağa hazırıq"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Azərbaycan İslam Partiyası (AİP) ölkədə hökm sürən İslamofobiyaya etiraz əlaməti olaraq keçiriləcək aksiyaları Novruz bayramından sonra təşkil etməyi planlaşdırır. Bayram ərəfəsində hakimiyyətə dindarların tələblərini yerinə yetirmək üçün vaxt verən AİP, bu baş verməyəcəyi təqdirdə icazəli mitinqlər keçirəcəyini açıqlayıb. Mövzu ilə bağlı Azərbaycan İslam Partiyası (AİP) sədrinin səlahiyyətlərini həyata keçirən Elçin Manafovdan münasibət öyrəndik və mitinqlə bağlı fikirlərini bölüşdük. “Ümid edirik ki, əsassız ittihamlarla nahaqdan həbs olunan Mövsüm Səmədov və partiyanın rəhbərliyində təmsil olunan digər şəxslər, təəssübkeşlərimiz, ümumiyyətlə mömin qardaşlarımız Novruz bayramına qədər azadlığa buraxılacaq, bayramı bizimlə birgə keçirəcəklər. Mitinqin nə vaxt keçirilməsi barədə bizə çoxsaylı müraciətlər edilir, suallar ünvanlanır. Belə müraciətlər insanların aksiya keçirməkdə israrlı olduğunu göstərir. Biz də təbii ki, xalqın tələbini yerinə yetirməyə, onunla birgə olmağa borcluyuq və bunu edəcəyik”-deyə  Elçin Manfov bildirib.

Qeyd edək ki, Qarabağ probleminin həlli, ərazi bütövlüyümüzün bərpası istiqamətində mübarizəni də həbsdə  olanlarla birgə aparmaq istədiklərini deyən E.Marafov, eyni zamanda İslamofobiyanın əlamətlərindən biri olan hicaba qadağanın tezliklə aradan qaldırılmasına da ümid etdiklərini bildirib: «Ona görə də bayrama qədər səbr etməyi qərara almışıq ki, bəlkə aksiyaya ehtiyac qalmadı. Amma bu o demək deyil ki, aksiya keçirməkdən imtina etmişik. Əsla. Biz eyni zamanda mitinqə hazırlıq işlərini də davam etdiririk. Əgər müsbət nəticə olmasa, bayramdan sonra mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayacağıq».

AİP sədri Elçin Manfovun sözlərinə görə, əgər meriya müsbət cavab verməsə, onda islamçılar bu qanun pozuntusuna görə başqa instansiyalara müraciət edəcəklər: «Ancaq biz istəməzdik ki, buna və eləcə də digər vasitələrə, o cümlədən icazəsiz aksiyalara əl atmağa məcbur olaq. Hərçənd sərbəst toplaşmaq azadlığı haqda qanunu pozaraq bizi buna vadar edirlər. Onsuz da İslamçıların itirə biləcəyi heç nə yoxdur. Biz heç nədən çəkinmədən Allah yolunda, vətən, xalq yolunda, mənəvi-əxlaqi dəyərlərimizin qorunması, namus, qeyrət uğrunda şəhid olmağa hazırıq. İslamçılar bu dəyərlər üçün son damla qanlarına kimi mübarizə aparmaq əzmindədirlər. Çünki ortada millət-qeyrət, hicab-namus məsələsi var ki, ondan keçmək mümkün deyil. Mömin qardaşlarımız da elə buna görə həbs olunublar. Mitinqdə 10 min insanın iştirakı olacaq. Heç kim buna şəkk etməsin. Hər halda bizə bu rəqəmdən də çox müraciət edənlər olub. Ola bilsin ki, rəqəm bir az da çox olsun”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır