Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi məlumata əsasən: Martın 7-də MDİ Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Ədliyyə Nazirliyinə çağırılıb və ona ofisi bağlaması barədə xəbərdarlıq məktubu təqdim olunub. Məktubda Azərbaycan qanunvericiliyinin beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə imkan vermədiyi bildirilir və Milli Demokratiya İnstitutundan fəaliyyəti dayandırmaları tələb olunur. Milli Demokratiya İnstitutu son beş ildə bir neçə dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib və hər dəfə rədd cavabı alıb.
ABŞ səfirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və MDİ-nin Vaşinqton ofisi ilə məsləhətləşmələr aparılır. Birləşmiş Ştatların Bakıdakı səfirliyinin sözçüsü Kis Bin bildirib ki, MDİ nümayəndəliyi ilə bağlı məsələni aydınlaşdırmağa çalışırlar. Məsələ aydınlaşan kimi rəsmi məlumat yayılacaq.
MDİ Azərbaycanda siyasi partiyalarla bağlı proqramları bir ildən artıqdır ki, dayandırmışdı. Təşkilatın ölkədə əsas fəaliyyət dairəsi seçki monitorinqi və gənclərlə iş idi. Ötən həftə təşkilatın Bakı ofisinin rəhbəri müxalifət partiyaları ilə təmasda olub, görüşlər keçirib. MDİ ABŞ-da hazırda iqtidarda olan Demokratlar Partiyasına bağlı qurumdur və missiyası demokratik islahatlara dəstək verməkdir. Hesab etmək olar ki, hazırda MDİ həm də prezident Barak Obamanın təşkilatıdır. Əslində Azərbaycan hakimiyyətinin bu təşkilatdan, eləcə də Beynəlxalq Respublikaçılar İnstitutundan əvvəldən xoşu gəlməyib. Onların müxalifətlə təmaslarını məhdudlaşdırmağa çalışıb. Lakin indiki situasiyada Obamanın təşkilatına ultimativ formada qapını göstərmək məhz hakimiyyət içərisində yaranmış inqilab xofu və narahatlığı ilə əlaqəli ola bilər. Təşkilatın əsas fəaliyyət sahəsi kimi gənclərlə işi seçməsi də hakimiyyəti indiki həssas məqamda qıcıqlandıran amildir. Çünki hakimiyyət düşərgəsində əmindirlər ki, istər ərəb ölkələrindəki inqilabların, istərsə də Azərbaycanda müşahidə olunan sosial fəallaşmanın arxasında dayanan güc Amerika, onun institutlarıdır. Lakin MDİ-ni Bakıdan qovmaq həm də Amerikaya, hakimiyyətdə olan Demokratlar Partiyasına açıq savaş açmaqdır. Yəni bu addım hakimiyyətin Qərblə, beynəlxalq ictimaiyyətlə münasibətlərini daha da pisləşdirəcək.
MDİ kimi institutların ölkədən çıxarılmasına imkan yaradan hüquqi baza isə 2008-ci il prezident seçkilərindən sonra formalaşdırıldı. Parlament QHT-lər haqda qanuna düzəliş edərək beynəlxalq təşkilatların ölkədə qeydiyyatdan keçməyən nümayəndəliklərinin fəaliyyətini qeyri-qanuni elan etdi. Həmin vaxtlar Beynəlxalq Respublikaçılar İnstitutu Bakı ofisini bağlayıb ölkəni tərk etməyə qərar verdi. MDİ-nin isə qeydiyyatla bağlı müraciətlərinə göründüyü kimi, rədd cavabı verilib, indi isə onları qovurlar.
Diqqət: xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır