18 fevral 2011 - 20:30

"Təəssüf ki, hakimlər müşavirədən qayıdıb, xəcalət çəkdiklərini göstərərək, vəsatəti təmin etmədiklərini bildirdilər"-deyə ruhanilərin vəkili Elçin Namazov bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:  Gəncə Apellyasiya Məhkəməsi ruhanilər Fəxri İlyasov və Azər Cəbiyevin həbsdən azad edilməsi barədə verilmiş vəsatəti təmin etməyib. Bu barədə ruhanilərin vəkili Elçin Namazov məlumat verib. Vəkilin sözlərinə görə,  hakimlər Ceyhun Muradov və Ceyhun Əhmədovun sədrliyi ilə baş tutan məhkəmə prosesi qanunlara hörmətsiz yanaşma şəraitində keçib. “Tərəfimizdən verilmiş vəsatətin müzakirəsi zamanı hakimlər hər iki şəxsin həbsdə qanunsuz saxlanmalarına inamlarını ifadə etdilər. Bildirildi ki, istintaq orqanının və prokurorluğun arqumentləri tamamilə əsassızdır. Belə ki, ittiham tərəfi etirazını onunla əsaslandırırdı ki, ruhanilərin ölkəni tərk etmək ehtimalı mövcuddur. Biz  buna etiraz edərək, bildirdik ki, onların ümumvətəndaşlıq pasportu və şəxsiyyət vəsiqələri istintaqdadırsa, ölkəni tərk edə bilməzlər. Bu zaman prokurorluğun nümayəndəsi gülünc ehtimalla çıxış etdi. Bildirdi ki, ruhanilərin sərhəddi qanunsuz olaraq, keçid məntəqəsindən kənar keçəcəklərindən ehtiyatlanırlar. Hakimlər bunun cəfəngiyyat olduğunu bildirərək, müşavirəyə getdilər. Biz inanmağa başladıq ki, vəsatətimiz təmin olunaraq, ruhanilər azadlığa buraxılacaq. Təəssüf ki, hakimlər müşavirədən qayıdıb, xəcalət çəkdiklərini göstərərək, vəsatəti təmin etmədiklərini bildirdilər”-deyə ruhanilərin vəkili Elçin Namazov bildirib.

Qeyd edək ki, E.Namazov baş verənlərin siyasi sifarişlə həyata keçirildiyini bir daha təsdiqləyini deyərək,  sənədləri Avropa Məhkəməsinə göndərəcəyini qeyd edib: “Yaxın günlərdə sənədləri Avropa Məhkəməsinə göndərəcəm. Bununla yanaşı, qanunsuzluğu tezliklə aradan qaldırmaq üçün daha kəskin addımlar atacağıq. Sübut edəcəyik ki, hakimiyyət etiraz edən insanları belə iyrəncliklərlə susdura bilməyəcək. Bu yolla insanları müvəqqəti cəmiyyətdən təcrid etmək olar, ancaq haqq yolundan döndərmək olmaz”. 

Xatırladaq ki, Fəxri İlyasov və Azər Cəbiyev polisə qarşı zorakılıq göstərməklə xuliqanlıq törətməkdə ittiham olunurlar. Onlar barəsində CM-nin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.