Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda “korrupsiya ilə mübarizə” daxili çəkişmələr üçün istifadə olunacaq.
Növbədə Hacıbala Abutalıbov, Kərəm Həsənov, Etibar Pirverdiyev...
İnqilab qorxusu hakimiyyəti gözlənilməz addımlar atmağa məcbur edir. Hakimiyyətə yaxın media çevrəsində dolaşan fikirlərə görə, Ramiz Mehdiyev artıq bir neçə icra başçısının və bəzi iri çinli vəzifə sahiblərinin vəzifədən çıxarılmasını təklif edib.
Prezident Administrasiyasının rəhbəri hesab edir ki, korrupsiya ilə mübarizənin xalqda müsbət rəy yaratması və ciddi qəbul edilməsi üçün bəzi kadrların vurulması vacibdir.
Xəbərlərə görə, Ilham Əliyevə artıq təklif verilib. Plana görə, Hacıbala Abutalıbov təntənə ilə təqaüdə yola salınacaq, onu işgüzar və təmiz obrazı olan bir nəfər əvəz edəcək. Ramiz Mehdiyevin növbəti qurbanı az müddətdə iş adamlarının böyük qəzəbini qazanan, külli miqdarda sərvət və mülk sahibi olması ilə diqqət çəkən Kərəm Həsənovdur. Kərəm Həsənovun zəif bənd sayılmasının bir səbəbi də odur ki, o, Mehdiyevin sevimlisi deyil, üstəlik, onun müxalifətə qoşulması mümkün sayılmır. Deyilənə görə, onun hakimiyyətdən gizlin saxladığı mülklərinin siyahısı tutulub və bu siyahı onunla haqq-hesab çürütmək üçün istifadə ediləcək.
Etibar Pirverdiyev isə bayraq biabırçılığına görə cəzalandırılacaq. Ona göstərilən yüksək etimad hakimiyyətə baha başa gəlib. Dünyanın ən böyük bayrağı ilə iqtidarın qazanmaq istədiyi dividendlər nəinki boşa çıxıb, əksinə, bu, böyük biabırçılığa gətirib. Günah isə yanlış siyasət və niyyətdə deyil, bu layihəyə cavabdeh olan Etibar Pirverdiyevdə axtarılır...
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır