Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Avtoritar rejimlərə qarşı baş qaldıran xalq etirazları bu dəfə Əlcəzairdə əks-səda doğurdu. Fevralın 12-də Əlcəzairin paytaxtı Əlcəzairdə hökumətə qarşı çoxminlik mitinq keçirilib. Mitinqçilər ölkə başçısı Əbdüləziz Buteflikanın istefasını tələb ediblər.
Mitinqin qarşısını almaq üçün hakimiyyətin gördüyü tədbirlər nəticəsiz qalıb. Paytaxt küçələrinə 28 min polis çıxarılıb, polislər və sayı bilinməyən xüsusi xidmət orqanları əməkdaşları mitinqçilərin qarşısını zorakılıqla almağa çalışıblar. Polis mitinqçilərə qarşı dəyənəklərdən də istifadə edib.
Toqquşma zamanı zərər çəkənlərlə bağlı məlumat verilmir. Lakin 400 nəfərin saxlandığı, onların arasında qadınların da olduğu bildirilir.
Bununla belə, minlərlə insanın meydanlardan birində bir araya gəlib hökumət və ölkə başçısı əleyhinə şüarlar səsləndirməsinə mane ola bilməyiblər.
Təşkilatçılar mitinqdə 10 min nəfərin, rəsmi quqrmlar isə 1500 nəfərin iştirak etdiyini xəbər verirlər.
Mitinqçilərin tələbi təkcə Əbdüləziz Butelfikanın vəzifədən getməsi deyil. Onlar ümumilikdə rejimin dəyişməsini – korrupsiyaya son qoyulmasını, fövqəladə vəziyyətin ləğvini, azad və ədalətli seçkilərin keçirilməsini tələb edirlər. Əlcəzair İnsan Haqları Qrupunun fəxri sədri Əli Yəhya Əbdünnur tutduqları yoldan geri çəkilməyəcəklərini bəyan edib: “Rejim yıxılana qədər evimizdə oturmayacağıq. Biz xalqın rejimini istəyirik”.
Xarici KİV-in təhlillərində baş qaldıran etirazın Əlcəzair hökumətini ciddi təşvişə saldığı qeyd olunur. Bildirilir ki, Əbdüləziz Butelfika rejimi sonunun Misirdə Mübarək və Tunisdə Ben Əli rejimi kimi olacağını göz altına alır.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır