Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Diktator Hüsnü naMübarəkin istefasından sonra vəziyyətin qaranlıq qaldığı vaxtda Misirdə ölkənin faktiki idarəçiliyini həyata keçirən ordu gözlənilməz addım atıb. Mübarəkdən hakimiyyəti alan ordu komandanları 30 illik rejimi yıxan üsyanın arxasındakı internet aktivistləriylə görüşərək ölkənin gələcəyini müzakirə edib.
Generallar fəal gənclərlə görüşdü
“AFP” agentliyinin verdiyi xəbərə görə, Google saytının Yaxın Şərq üzrə idarəçisi Vail Qonim və Misirin tanınmış bloggeri Əmr Salamanın da aralarında olduğu 8 fəal Ali Hərbi Şura üzvü 2 generalla görüşüb.
Qonim və Salama Mübarək əleyhinə üsyanın başlanmasında təsiri olan bir internet saytı vasitəsilə yaydıqları açıqlamada bildirilir ki, generallarla görüşdə həm ordunun mövqeyini anlamaq, həm də gənc fəalların öz istəklərini səsləndirməsi fürsəti olub. Aktivistlər ordunun Misiri idarə etmək niyyəti olmadığını və gələcəkdə tək yolun sivil bir dövlətin bərqərar olduğunu söyləyib.
Müvəqəti idarəçiliyi əlinə alan Misir ordusu ölkənin üzərinə götürdüyü beynləxalq öhdəliklərə əməl ediləcəyini də bildirib.
“Daxili işlər naziri bizə qorxaqlıq öyrətdi”
Mübarək əleyhinə mitinqlərin səngidiyi Təhrir meydanı bu dəfə polislərin etiraz meydanına çevrilib. Yüzlərlə uniformalı və mülki geyimli polis inqilaba dəstək vermək üçün Təhrir meydanına doğru yürüş edib. Şahidlərin sözlərinə görə, əllərində Misir bayraqları daşıyan polislər “Biz və xalq birik” şüarları səsləndirib. Onlar əməkhaqqlarının artırılmasını tələb ediblər.
Etiraz aksiyasının təşkilatçılarından biri “12 ildir polis işləməyimə baxmayaraq aylıq əməkhaqqım 115 dollardır. Keçmiş daxili işlər naziri Həbib Əl Ədli bizə qorxaqlığı öyrətdi. Neyniyək, məcbur olub xalqdan rüşvət alırdıq”,-deyə söyləyib.
Bankirlər də ayağa qalxdı
Misirin ikinci şəhəri İsgəndəriyyədə isə bank işçiləri etiraz aksiyası keçirib. Bankirlər maaşlarının artırılmasını tələb ediblər. Nümayişçilərdən biri keçmiş Misir diktatoruna yaxın adamların banklardan birini ümumi dəyərinin 10 faizi məbləğində özəlləşdirdiyini bildirib.
Diktatorun ailəsində qalmaqal
Bundan başqa Misir mediası devrilmiş lider Hüsnü Mübarəkin oğulları Camal ilə Ala arasında əlbəyaxa davaya çevriləcək şəkildə mübahisə etdikləri barədə xəbər yayıb. “Əl Youm” qəzetinin yazdığına görə, Mübarəkin kiçik oğlu Ala hadisələrin bu həddə çatmasında Camal Mübarəki günahlandıraraq qardaşıyla mübahisə edib.
Mübarək depressiya keçirir
ABŞ-ın “NBC” televiziyasında yayımlanan “Today” proqramına qatılan Misirin Vaşinqtondakı səfiri Semih Şükrü 82 yaşlı Hüsnü Mübarəkin səhhətində ciddi problemlərin olmasıyla bağlı kəşfiyyat xəbəri aldığını söyləyib. Lakin diplomat bu haqda şəxsi məlumatının olmadığını da bildirib.
Misirdə yayımlanan iki qəzetin dünənki saylarında müxalifətin kütləvi aksiyalarından sonra cüma günü istefa vermək məcburiyyətində qalan Mübarəkin dərman qəbulunu rədd edtiyini, depressiya keçirdiyini və Şarm Əl Şeyx şəhərindəki rezidensiyasında dəfələrlə huşunu itirdiyini yazıb.
Xatırladaq ki, Fələstinin “Ma’an” xəbər agentiyi də Hüsnü Mübarəkin səhhətində ciddi problemlərin olduğunu və Misir xalqına ünvanladığı son müraciətindən öncə huşunu itirdiyini və komaya düşdüyünü yaymışdı. Məlumatda bildirilirdi ki, Misir ordusu sağlamlığının pis olması səbəbiylə Mübarəkə iqtidarının son günlərində təzyiq göstərməkdən yayınıb.
Avropa Mübarəki müflis edəcək
İsveçrə hökuməti Hüsnü Mübarəkin bu ölkədəki bank hesablarını dondurduqdan sonra növbəti açıqlama İngiltərədən gəlib. İngiltərə hökumətinin üzvü Mübarəkin xarici ölkələrdəki varidatıyla bağlı beynəlxalq ictimaiyyəti birlikdə hərəkət etməyə çağırıb. Ticarət naziri Vins Keybl Mübarəkin qanunsuz yollarla xarici ölkələrə pul çıxarmasına yardım edən İngilis banklarına qarşı hərəkətə keçəcəklərini də söyləyib.
Fansa hökuməti isə rəsmi Qahirənin sorğusuna əsasən keçmiş prezidentin Fransadakı aktivlərini yoxlamağa hazır olduğunu bildirib. Bu barədə xəbəri “France Press” agentliyi Fransanın iqtisadiyyat naziri Kristin Laqarda istinadən yayıb.
“Biz tam səmimiyyətlə Misir qanunvericiliyində göstərilənlərin yerinə yetirilməsi üçün Qahirədən gələcək soruğulara cavab verə və araşdırmalar apara bilərik”,-deyə nazir söyləyib. Onun sözlərinə görə, bu barədə Avropa Birliyi ilə də məsləhətləşmələr aparılacaq.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır