11 fevral 2011 - 20:30

Fevralın 9-da ölkənin nüfuzlu ruhanilərindən olan Haci Əli Əli oğlu, Sərdar Hacı Həsənli, Hacı İlham Əliyev və Hacı Vasif Niftullayev prezident aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov ilə görüşmüşdür.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Məlumat verildiyi kimi fevralın 9-da ölkənin nüfuzlu ruhanilərindən olan Haci Əli Əli oğlu, Sərdar Hacı Həsənli, Hacı İlham Əliyev və Hacı Vasif  Niftullayev prezident aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov ilə görüşmüşdür. Yaxın günlərdə daha ətraflı məlumat veriləcəyini bildirən ruhanilər öz vədlərinə əməl edərək görüşün bütün təfərüfatlarını FaktXeber.com-a açıqlayıblar. Öncədən qeyd etmək lazımdır ki, yanvarın 24-də “Təzəpir” məscidinə toplaşmış dindarlar qarşısında çıxış edən ruhanilər sonrakı addım kimi prezident aparatına müraciət edəcəklərini, görüşün nəticələrini möminlərə çatdıracaqlarına dair söz vermişdilər. Beləliklə ruhanilər öz vədlərinə əməl etdilər. Ruhanilərin dediklərinə əsasən onlar aparatın məsul əməkdaşı Tahir Süleymanovla görüşərək ilk öncə Hacı Əli Əli oğlu sözə başlamış, qəbula görə təşəkkür etmişdir. Sonra Hacı Vasif  Niftullayev bildirmişdir: Biz yanvar ayının 24-də “Təzəpir” məscidinə toplaşmış mindən çox dindar vətəndaşlarının təmsilçisiyik. Qarşı tərəf ruhanilərin kimliyi ilə maraqlanmış, onlarda cavabında Qum Elmi hövzəsinin məzunları olduqlarını bildirmişdilər. Sonra üç məsələ ilə bağlı narahatlıqlarını dilə gətirən ruhanilər məktəblərdə hicab qadağası ilə əlaqədar dindarların əziyyət çəkdiyi, KİV-də dini təhsil malik olmayan şəxslərin dini əleyhinə fikir söyləməsindən narazı olduqlarını, hicab məsələsi ilə bağlı ruhani və dindarların kütləvi həbsindən narahat olduqlarını önə çəkmişlər.

Hicab qadağası ilə bağlı T.Süleymanovun cavabı belə olmuşdur: “Bu qərar lap çoxdan, hətta 1992-ci ildən etibarən qəbul olunmuşdur. Lakin bunu tətbiq etmək üçün lazımi şərait olmadığından kağız üzərində qalmışdı. Yəni bu Azərbaycan dövlətinin mövqeyidir. Hazırda bu qanunu tətbiq etmək üçün şərait vardır. Bütün orta məktəb şagirdləri məktəbə eyni formada getməli, kasıb ilə varlı arasında fərq görünməməlidir. Bu demokratiyanın tələbidir”.

Bu cavab ruhaniləri qane etməmişdir və onlar bildirmişdilər ki, demokratiya dindarlığın ləğvinə yönəlik iş aparmaq demək deyil. Demokratiyanı qebul etmək Allahsızlıq mənasını vermir. Biz küfrə səs verməmişik. Hicab bizim dinimizin bir parçasıdır. Demokratik qanunlar xalqın milli-mənəvi dəyərlərini, dini ayinlərini və adət ənənələrini nəzərə almalıdır. Necə olur ki, demokratiyanın beşiyi qarantı hesb olunan ABŞ kimi hegemon bir dövlətdə şagirdlərin məktəbə hicabla getməsi demokratiyaya zidd sayılmır, amma əhalinin az qala 100 %- nin də müsəlman olduğu Azərbaycan kimi bir dövlətdə hicab demokratiya ilə uyğun hesab olunmur?!

T.Süleymanov: “Biz hər bir məsələdə ABŞ-ı təqlid edə bilmərik deyərək cavabdan yayındı. Hicab məsələsi ilə bağlı nə onun cavabı ruhaniləri təmin etmiş, nə də ruhanilərin tutarlı dəlilləri qarşı tərəfi öz mövqeyindən çəkindirə bilmişdir. Qısası, hicab qadağasının həlli ilə bağlı ortaq məxrəcə gələ bilməyən tərəflər ikinci məsələ, yəni KİV-in məsələsi ilə bağlı məsul tərəfin möveyini dinləmişlər. Cənab Süleymanov bu barədə demişdir: “KİV ilə bağlı bizimdə narazılığımız var. Məsələn toy olsun kimi bəzi verilişləri bəyənmirik. Lakin, bildiyimiz kimi belə proqramlar özəl telekanallarda yayımlanır və hökumət onların işlərinə müdaxilə etməkdə acizdir. Hökumət yalnız AzTV kimi dövlət telekanallarına təsir göstərmə hüququna malikdir. Hətta özəl telekanallar bəzən ölkə başçısı haqqında da təhqiramiz ifadələrə yol verirlər, lakin biz müdaxilə edə bilmirik. Təxminən 4 mindən çox qəzet, jurnal və s. qeydiyyatdan keçmişdir. Biz onların hamısına qarışa bilmərik”.

Cavab yenə ruhaniləri qane etmədiyindən onlar öz iradlarını bildirərək demişlər: "Bu ölkədə Qırmızı xəttin olduğunu hamımız bilirik. Məsələn biz ara ANS teleşirkəti çərçivədən kənara hərəkət etdiyi üçün telekanalın müəyyən müddətə bağlandığının şahidi olduq".

Cənab Süleymanov ANS telekanalının çərçivədən kənara çıxdığına görə deyil, cinayət işlətdiyinə görə bağlandığını vurğulasa da ruhanilər dövlətin bu susqunluğunun demokratiya ilə əlaqələndirilməsini inandırıcı hesab etməmişlər.

Sonra ruhanilər Hacı Mövsüm Səmədovun, Hacı Zülfüqar Mikayılovun, Masallıdan Hacı Fəramizin, Gəncədən Hacı Fəxri, Hacı Əbuzərin və başqa dindar və ruhanilərin həbsi məsələsini önə çəkmişlər. Onları cavablandıran T. Süleymanov demişdir: “Bu şəxslərin heç biri hicab ilə əlaqədar həbs edilməmişdir. Onlar cinayət maddəsi ilə saxlanılmışdılar”.

Bu cavabla da razılaşmayan ruhanilər hicab məsələsindən öncə bu ölkədə ruhani və dindarlarla heç bir problem və qarşıdurmanın yaşanmadığını, yalnız hicab qadağasından sonra bu problemlərin yarandığını və hələ də davam etdiyini qeyd etmişlər.

Tahir müəllim tez-tez vaxtın azlığını, növbədə başqa vətəndaşlarının olduğunu önə çəkərək söhbəti bitirməyin lazım olduğunu bildirirmiş.

Görüşdə ruhanilər son olaraq bu sözləri deyib ayrılmışdılar:“Müharibə şəraitində olan ölkəmizdə vəhdətə çox ehtiyac vardır. Dinə qarşı hücumalrın qarşısında sinə gərən ruhanilərin bu müqəddəs vəzifəsini ayrı-ayrı ölkələrlə əlaqələndirmək düzgün deyil. Əgər ruhaniyyət bu gün ayağa qalxırsa bu onların mənsub olduğu dinin tələbidir. İslam dininin özünü müdafiəetmə mexanizmi onun təlimatlaının daxilindədir. Bu din öz təlimatı və maarifi sırasında müdafiə mexanizmini də inanclılara aşılayır. Bu gün Azərbaycanın siyasətçiləri, iqtisadçıları və başqa sahədəki mütəxəsisləri müstəqil olduğu kimi Azərbaycanın ruhaniləri də müstəqildir. Azərbaycan ruhaniləri öz dinini müdafiə edərək istiqaməti ayrı-ayrı ölkələrdən deyil İslam dinindən alır. Əgər dinin hər hansı bir sahəsinə hücum olunursa, qarşılıqlı olaraq ruhanilər və dindarlar qalxıb öz mənəviyyatlarını müdafiə edirlərsə və bu zaman ruhanilərin bu əməli hansısa ölkənin ideologiyası ilə üst-üstə düşürsə bunun günahı ruhanilərdə deyil. Bu problemin mənşəyini hansısa ölkədə yox hicab problemini yaradanlarda axtarmaq lazımdır”. 

Bu ölkəmizdə yaranmış vəziyyətin günahı ruhanilərdə yox dinimizə yönəlik olan belə naşı addımlardadır. Sonda T. Süleymanov görüşdə müzakirə obyekti olan məsələləri şöbə müdiri Əli Həsənova bildirəcəyinə və müzakirə edəcəklərinə dair ruhanilərə söz verdi.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır