Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: lham Əliyevin mart ayının sonunda müşavirə keçirəcəyi gözlənilir. Şübhə yoxdur ki, bu müşavirə baş tutarsa, bəzi məmurlar postlarını həmin toplantıda itirməli olacaqlar. Çünki ölkə başçısı nazirləri tənqid etməklə kifayətlənərsə, bu heç də ona müsbət divident gətirməyəcək. Üstəlik, Qərb həmin müşavirədən sonra Əliyevin siyasi hakimiyyəti barədə yekun rəyini bildirəcək. Çünki artıq Qərb Rusiyameylli və korrupsioner komandanın vəzifədən kənarlaşdırılmasını gözləyir.
Bəs, istefaya hansı yüksək çinli məmurların göndərilmə ehtimalı böyükdür?
İstefaya göndərilənlərin başında məhz baş nazir Artur Rəsizadənin olacağı gözləniləndir. İqtisadiyyatımızdakı problemlərlə bağlı A.Rəsizadəni də kifayət qədər suçlamaq olar. Azərbaycan dilini yaxşı bilməyən bu şəxsin gülüş obyektinə çevrilməsi və yaşının çoxluğu da İlham Əliyevin Artur Rəsizadəni istirahətə yollayacağından xəbər verir.
Bir vaxtlar sahibkarlara obyektlərinin fövqəladə hallara cavab vermədiyini bəhanə edərək, onlara min-bir əzab-əziyyət verən və beləliklə də ən çox şikayət edilən məmurlardan olan FHN rəhbəri Kəmaləddin Heydərovun isə son zamanlar ictimaiyyətlə əlaqələrini intensivləşdirməsi də göstərir ki, bu şəxs nəyəsə hazırlaşır. Hər halda heç bir məmurla probleminin olmadığını söyləməsi də deməyə əsas verir ki, Kəmaləddin Heydərov baş nazir olmaq istəyir. O səbəbdən də, bütün nazirlərin onun rəhbərliyi altında işləyəcəyi ilə bağlı publika vasitəsi ilə İlham Əliyevə mesaj göndərir. Yəni “daxildə bir-birimizi qırsaq da, bunu büruzə verməyəcəyəm”, - söyləyir.
Son günlər ona yaxın mətbuatın bəzi nazirlərlə “döyüşə” ara vermələri də göstərir ki, Kəmaləddin Heydərov baş nazirlik yolunda əlavə problemlə məşğul olmaq istəmir. Ancaq istefaya təkcə baş nazirin göndərilməyəcəyi vurğulanır. Qeyd olunur ki, bu siyahıya müdafiə naziri Səfər Əbiyevin, təhsil naziri Misir Mərdanovun, daxili işlər nazir Ramil Usubovun, əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov adı düşə bilər.
Qeyd edək ki, Səfər Əbiyev ləzgilərin nümayəndəsi kimi hakimiyyətdə təmsil olunduğundan bu günə qədər ona toxunulmayıb. Amma İ.Əliyevin uzun müddətdir orduda baş verənlərə birbaşa günahkar kimi göstərilən “yorulmuş” generalını artıq əvəzləyəcəyi bildirilir. İkinci istefaya göndəriləcək nazir isə təhsil naziri Misir Mərdanov olacaq. Onun son vaxtlar baş verən hicab qalmaqalı ilə ölkədə süni gərginlik yaratması bu şəxsin istirahətə göndərilməsi ilə nəticələnəcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov istefaya gedəcəyi xəbəri isə yeni deyil. Fəqət ictimaiyyət uzun müddətdən bəri sözügedən nazirin postunu itirəcəkləri xəbərini AzTV-dən eşitməyə hazırlaşsa da, ölkə başçısı əlverişli məqam gözlədiyi üçün nazirə toxunmayıb. İndi isə bu vaxta qədər postunu qorumağı bacaran Füzuli Ələkbərov üçün vəzifədə qalmaq çətindir. Daxili işlər naziri Ramil Usubovun isə İlham Əliyevin bütün dünyada qınaq obyektinə çevrilməsi səbəbindən vəzifəsindən kənarlaşdıracağı vurğulanır.
Bundan əlavə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun son zamanlar ATV ətrafında baş verən qalmaqallar və diasporalardakı yeyintilərlə bağlı istefaya göndəriləcəyi də verilən məlumatlar sırasındadır.
Ədliyyə naziri Fikrət Məmmədovun, Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Hidayət Orucovun, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da ciddi tənqid olunacaqları, amma istefaya göndərilmə məsələlərinin sual altında qaldığı bildirilir.
Ancaq bəzi nazirlərin postlarını qoruyacaqları da verilən xəbərlər arasındadır. Bu siyahıda milli təhlükəsizlik naziri Eldar Mahmudovun, xarici işlər naziri Elmar Məmmədyarovun, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun, Səhiyyə naziri Oqtay Şirəliyevin, Vergilər naziri Fazil Məmmədovun, Maliyyə naziri Samir Şərifovun, Nəqliyyat naziri Ziya Məmmədovun, Kənd təsərrüfat naziri İsmət Abbasovun adını çəkmək olar.
Qeyd edək ki, hakimiyyətin bu cür sərt addım atmasına Yaxın Şərqdə baş verən proseslər səbəb olub. Rəhbərlik hakimiyyətin bütövlüklə itirilməsindənsə, xalqın uzun illərdir narazı olduğu bir qrup məmurun istefaya göndərilməsini daha məqbul sayıb. Burada ən müəmmalısı da odur ki, İlham Əliyev gedənlər siyahısına hansı nazirin adını salaraq, “qurban” verəcəyi hələ də tam olaraq dəqiqləşməyib. Bax, bu qeyri-müəyyənlik də çoxlarını təşviş içərisində saxlayır. Elə hər həftə nazirlərin korrupsiya ilə mübarizə adı altında keçirdiyi toplantılar da bunu deməyə əsas verir ki, məmurlar özlərini İlham Əliyevə sevdirmək yarışına giriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır