9 fevral 2011 - 20:30

Polislər Sabirabadda üç nəfəri saxlayıb. Onları aksiya keçirmək cəhdində ittiham ediblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Polislər Sabirabadda üç nəfəri saxlayıb. Onları aksiya keçirmək cəhdində ittiham ediblər. Bu barədə Sabirabad rayonunda fəaliyyət göstərən müxalifətçilər məlumat verib.

Onların sözlərinə görə, saxlanan şəxslər - Alim Əliyev, Tofiq Quliyev və Elman Mirzəyev rayon mədəniyyət evinin qarşısında saxlanılaraq polis şöbəsinə aparılıblar.

Qeyd edək ki, dünən KİV-də Sabirabadda kütləvi aksiyalar  olacağı barədə informasiyalar getmişdi.  Həbslərlə  yanaşı, rayonun mərkəzi meydanında post-patrul xidməti gücləndirilib, supüskürən maşınlar gətirilib. Şəhərin müxtəlif yerlərində mühafizə xidmətinin işçilərinin gəzməsi müşahidə edilir.

Sabirabadın kəndlərinin sakinləri rayon mərkəzinə xüsusi yoxlama ilə buraxılırlar. Bu barədə sayta Ümid Partiyasının funksioneri, hazırda Sabirabadda olan Razi Abasbəyli bildirib. Onun sözlərinə görə, yaranmış vəziyyətə səbəb son zamanlar rayonun Cavad kənd sakinlərinin kifayət qədər aktivləşməsi olub. O, bildirib ki, dünən axşam saat 8 radələrində Sabirabad rayon mərkəzindəki çayxanada iki nəfər - Tofiq Zeynallı və Zaur Ağayev həbs ediliblər. Həbs edilənlərdən Zaur Ağayevin cibindən isə rayonun Cavad kənd sakinlərinin şikayət məktubu çıxıb. Məktubda problemlərinin həll edilməyəcəyi təqdirdə sakinlər aksiyalara başlayacaqlarını bildiriblər: “Daha sonra isə rayonda təşvişə düşən icra hakimiyyəti polisə bütün siyasi aktiv insanların həbs edilməsi barədə göstəriş verib. Saxlanılanların taleyi barədə heç bir məlumat almaq mümkün deyil. Daha sonra isə Sahib Rüstəmli və digər şəxslər də həbs edilərək polis bölməsinə aparılıb və bir saatdan sonra mitinq keçirməməklə bağlı hədə-qorxu gəlinərək buraxılıb”.

R. Abasbəyli deyib ki, rayonda fövqəladə vəziyyət yaranıb: “100-ə yaxın polis əməkdaşını rayona gətiriblər. Xüsusilə də Cavad kəndinin sakinlərini rayon mərkəzinə xüsusi yoxlama ilə buraxırlar. Bu da insanların ciddi narazılıqlarına səbəb olur. Məsələnin kökü isə rayon mərkəzi ilə bəzi kəndləri ayıran Kür çayı üzərindəki körpü problemi ilə bağlıdır. Onların bu problemi ilə bağlı lazımi ünvanlara müraciətlər yollanıb. Düşünürük ki, daha sivil formada problemlərin həllinə nail olaq. Əlbəttə ki, əgər yenə də əlaqədar qurumlar və vəzifəli şəxslər 50 minə yaxın əhalisi olan 7 kəndin əhalisinin müraciətinə məhəl qoymasa etiraz aksiyaları da qaçılmaz olacaq”.

Məsələ ilə bağlı açıqlama verən rayon polis şöbəsinin rəis müavini Zülfü İsayev yayılan məlumatların şayiə olduğunu deyib. Onun sözlərinə görə, Sbirabadda heç bir gərginlik yoxdur, heç kəs də həbs edilməyib. Rəis müavini həmçinin rayona polis qüvvələrinin cəlb edilməsinin də düzgün olmadığını bildrib. O, hər eyin öz axarı ilə davam etdiyini vurğulayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır