4 fevral 2011 - 20:30

QMİ-nin bölgə qazısı işdən çıxıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı Hacı Naib Səttarov vəzifəsindən azad edilib. Onun vəzifədən azad edilməsinə səbəb, həbs edilmiş Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov və onun qohumları Dəyanət Səmədov və Firdovsi Məmmədrzayevi müdafiə etməsi olub. Belə ki, onların hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra Quba rayon İcra Hakimiyyətində (RİH) tədbir keçirilib. Tədbirdə RİH rəhbərliyi ilə yanaşı, digər dövlət qurumlarının, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, bölgə ziyalıları iştirak edib. Tədbirdə çıxış edənlər D. Səmədovu və F. Məmmədrzayevin hərəkətlərini pisləyiblər. QMİ-nin şimal bölgəsi üzrə qazısı Hacı Naib Səttarov isə çıxışında AİP sədri mövüsm Səmədovu,  D. Səmədovu və F. Məmmədrzayevi müdafiə edib. Hacı Naib hətta F. Məmmədrzayevə xitabən “o mənim qardaşımdır” deyib.

Qeyd edək ki, Faktxeber.com-un  "QaynarXətti"nə zəng edən Quba şəhərinin sakinləri bölgə qazısı Hacı Naib Səttarovun çıxışı zamanı İslam Partiyasının sədri Doktor Mövsüm Səmədov və onun qohumları D. Səmədov  və F. Məmmədrzayevi müdafiə etməsini bildiriblər.

Bir həftə sonra Hacı Naib QMİ-yə çağırılıb və QMİ-nin Şimal bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı vəzifəsindən azad edilib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında Hacı Naibin işdən çıxması faktını təsdiqləyib. Lakin o bildirib ki, Hacı Naib Səttarov işdən çıxarılmayıb, vəzifədən öz ərizəsi ilə uzaqlaşıb: “Ərizəsində şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə vəzifədən çıxmaq istədiyini bildirib”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır