12 yanvar 2011 - 20:30

AİP sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov həbsdə olan partiya sədri ilə görüşə bilmir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yanvarın 13-də vəkil Anar Qasımov Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovla görüşmək üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də, görüş təmin olunmayıb. Bu barədə AzadlıqRadiosuna vəkil məlumat verib.

Vəkil bildirib ki, yanvarın 12-də mətbuatda DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov həbsdə olan partiya sədrinin DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması barədə açıqlama verib. Bu gün o, həmin idarədə olub:

“Növbətçi hissənin əməkdaşları dedilər ki, Mövsüm Səmədov 13 sutkalıq həbsdədir. Müstəntiq yoxdur, gözləyin, rəis gəlsin, ona məruzə edək. Yarım saatdan artıq gözlədikdən sonra növbətçi hissənin başqa bir əməkdaşı bildirdi ki, rəis olmadığına görə Mövsüm Səmədovla görüşmək mümkün olmayacaq”.

Vəkilin sözlərinə görə, hazırda Mövsüm Səmədovun evində axtarış aparılması üçün Baş Prokurorluğun əməkdaşları gəlib: “Mövsüm Səmədovun həyat yoldaşı mənə zəng elədi və xahiş etdi ki, yaşadıqları ünvana gedim, çünki evlərində axtarış aparmağa gəliblər. Həmçinin Baş Prokurorluğun müstəntiqi Vüqar Nəsirov da mənə zəng edərək dedi ki, hazırda Mövsüm Səmədovun yaşadığı ünvandadırlar, bəzi istintaq hərəkətləri aparmalıdırlar və mənim də iştirak etməyimi xahiş etdi. Ancaq mən bildirdim ki, Mövsüm Səmədovla görüşməmiş heç bir istintaq hərəkətində iştirak edə bilmərəm. Çünki mənimlə müqaviləni onun ailəsi bağlayıb, bəlkə ilk görüşdəcə mənim vəkil xidmətimdən imtina edəcək”, – Anar Qasımov bildirib.

Həbsdə olan AİP sədri Mövsüm Səmədovun və onun əmisi oğlu Dəyanət Səmədovun ailə üzvləri yanvarın 12-də vəkil Anar Qasımovla müqavilə bağlayıblar. Vəkil hər iki həbsdə olan şəxsin harada saxlanmaları, nədə ittiham olunmaları və vəkillə görüşlərinin təmin olunmaları ilə bağlı Baş Prokurorluğa, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinə rəsmi müraciət etsə də, qurumların heç birindən cavab almayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti vəkilin iddialarına cavab verməyib. 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.