7 yanvar 2011 - 20:30

Mircəfər Əyyubzadə: "Ölkə başçısı Mövsüm Səmədov kimi insanları həbs etdirməkdənsə, belə insanları qıcıqlandıracaq qanunları qəbul edən şəxsiyyətləri işdən kənarlaşdırsın" Zülfüqar Mikayılov: "Dindarlar onun arxasında durub və biz bu barədə tədbir görəcəyik" İlham Əliyev: "Yaddan çıxarmaq olmaz ki, məsələ hicab üstündə başlayıb"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov partiyanın qərargahından çıxıb evə gedərkən, onun əyləşdiyi maşın DYP əməkdaşları tərəfindən saxlanılmış, daha sonra isə onlara yaxınlaşan cip markalı maşına oturdularaq Nərimanov rayon Polis İdarəsinə aparılıb. Partiya sədri ilə yanaşı maşında olan sədr müavini Vaqif Abdullayev, sürücü Hüseyn Kazımov və Elçin Həsənov adlı bir şəxs də saxlanılıblar. Daha sonra onlara 10-15 günlük həbs cəzası verilib.

Məsələyə ilə bağlı ilahiyyatçı alim Mircəfər Əyyubzadəyə müraciət etdikdə, o da AİP sədrinin həbs olunmasını pislədi və ölkə başçısını Mövsüm Səmədov kimi insanları həbs etdirməkdənsə, belə insanları qıcıqlandıracaq qanunları qəbul edən şəxsiyyətləri işdən kənarlaşdırılmalı olduğunu bildirdi.

"İlk öncə onu bildirmək istərdim ki, tarix boyu Allah, onun peyğəmbəri və İsam dininə qarşı aparılan istənilən mübarizə, qarşı tərəfin həm dünyəvi, həm də mənəvi məğlubiyyəti ilə nəticələnib. Siyasətçilər bu barədə fikirləşməli və buna görə addım atmalıdırlar. Bu da nəzərə alınmalıdır ki, sirkə nə qədər tünd olsa, öz qabını sındırır. Qarşı tərəf fikirləşməlidir ki, millətin ağzını zorla, güc strukturları ilə yox, ədalətlə, düzgün siyasətlə yummaq lazımdır"-deyə Mircəfər Əyyubzadə əlavə edib.

O, həmçinin bildirib ki: "Bu səbədən hicab məsələsinə görə, AİP sədri Mövsüm Səmədovun çıxışından sonra, onun başına gələnlər bizim üçün  anlaşılan deyil. Hər halda hicabı qadağan etməyin İslam dininə qarşı düşmənçilikdən başqa heç bir səbəbi yoxdur. Bunu körpəsindən tutmuş, yaşlısına kimi hamı bilir. Görünür bu səbədəndir ki, İslam dininin ölkəmizdə günü-gündən inkişaf etməsi, dinimizə və dindarlara qarşı tədbirlərin görülməsinə və maskaların cırılmasına səbəb olur".

Sözügedən məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən ilahiyyatçı alim Zülfüqar Mikayılov bildirdi ki, dünyada gedən proseslər, İslam əleyhinə aparılan təbliğatlar, Peyğəmbərimizə, Qurana olan həqarətlər Azərbaycanda da boy göstərir: “Son günlər Azərbaycanda da baş verən hadisələrə nəzər saldıqda, bunun Qərb və sionizm məhsulu olduğu açıq-aydın sezilir və biz bunu belə dəyərləndiririk. Azərbaycanda məscidlərə hücum edənlər, hicaba qadağa qoyanlar sionistlərin birbaşa əmri ilə hərəkət edirlər. Mövsüm Səmədovun da saxlanılması şübhəsiz ki, bu əməllərin tərkib hissəsidir. Mən deyə bilərəm ki, heç kəs Mövsüm Səmədovu tək görməməlidir, onun arxasında dindarlar durub və biz bu barədə tədbirlər görəcəyik.”                                           

Hadisə ilə bağlı açıqlama verən başqa bir ilahiyyatçı alim İlham Əliyev isə belə söylədi: “Bu məsələ çox ciddi bir məsələdir. Hesab edirəm ki, Azərbaycan vətənpərvərləri, dindarları məsələyə biganə yanaşmamalıdır. Hamı bu məsələyə yekdil şəkildə öz münasibətini bildirməlidir. Artıq bəziləri hadisəni Azərbaycan prezidenti İlham Əliyevin kəskin tənqidinə görə baş verdiyini bildirilər. Bu isə hadisəni öz məcrasından yayındırmaqdır. Amma yaddan çıxarmaq olmaz ki, məsələ hicab üstündə başlayıb. Burada əsl hədəf namus, qeyrət müdafiəsidir. Mövsüm Səmədovun da tənqidi fikirləri məhz bu yöndə olub. Ona görə də söylənilmiş fikirlər konkret hədəfə yönəldilməməlidir. Burada məqsəd ümumilikdə Azərbaycanda İslama qarşı olan addımların tənqididir.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.