20 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İranın cənub-şərqində yerləşən Kerman vilayətinin Fəhrəc şəhərində güclü zəlzələ baş verib. Bu təbii fəlakət nəticəsində indiyə qədər 6 nəfər ölüb, 33 nəfərinsə yaralandığı qeyd edilir.

Cüzi xəsarət alanlar xəstəxanada qalmayıb və hadisə yerindəcə müalicə olunublar. Lakin yaralıların 6 nəfəri ağır vəziyyətdə olduğu üçün xəstəxanaya yerləşdirilib.

Hazırda Qırmızı Aypara Cəmiyyəti tibbi yardımlarla birlikdə vertolyotlarla məntəqədə axtarış aparırlar.

Bazar ertəsi gecə saat 22:12-də Kerman vilayətinin Fəhrəc şəhərinin Hüseynabad məntəqəsində rixter şkalası ilə 6,5 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət bu məntəqələrin ətrafında yerləşən kəndlərə də xəsarət vurub. Xatırladaq ki, bu məntəqədə hələ də yeraltı təkanlar hiss olunur.

Kerman vilayətinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Cavad Kamalinin sözlərinə görə, məntəqədə yaşayış binaları və digər obyektlərə böyük zərərlər dəyib.

Bundan əlavə, ucqar kəndlər haqda heç bir məlumat olmadığı üçün bu barədə lazımi tədbirlər görülür.

Cavad Kamali əlavə edərək deyib: Hadisənin baş verdiyi yerə yaxın şəhərlərdən əlavə, Kermanın digər şəhərlərində də fövqəladə vəziyyətə hazırlıq işləri görülür.

Qeyd edək ki, Fəhrəcdə baş vermiş zəlzələ Hormozqan, Sistan və Bəluçestan vilayətlərində də hiss olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.