Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətibildirib ki, Brüsseldə Azərbaycan və NATO arasında 2011-ci il üçün Fərdi Tərəfdaşlıq Proqramının müzakirəsi üzrə ekspert-qərargah görüşü keçiriləcək.
Görüş dekabrın 6-da baş tutacaq. Görüşdə FTP üzrə planlaşdırılan tədbirlər və görüləcək işlərə dair fikir mübadiləsinin aparılması gözlənilir.
Bundan başqa, dekabr ayında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri FTP-yə əsəsən ABŞ-ın Norfolk şəhərində Konsepsiyanın Hazırlanması və Eksperimenti (CDE) Konfransına, dekabrın 8 və 9-da Brüsseldə EPRİME sistemi üzrə kursa, dekabrın 13-dən 15-dək Avstriyanın Vyana şəhərində NATO və Tərəfdaş ölkələrin Müdafiə Akademiyalarının və Təhlükəsizlik Elmləri İnstitutlarının SNT Konsorsiumunun işçi qrupunun görüşünə, dekabrın 14 və 15-də isə ABŞ-ın Virginia Beach şəhərində Transformasiya rəhbərlərinin konfransına qatılacaqlar.
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Münhen şəhərində Hərbi Hava Qüvvələri mütəxəssislərinin ekspert görüşü, Azərbaycan-ABŞ iş planına əsasən dekabrın 6-dan 10-dək Bakıda «Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək» mövzusunda treninq keçiriləcək.
Müdafiə Nazirliyi tərəfindən dekabrın 14-dən 17-dək Bakıda palitli yükləmə sistemi əsasında daşınma əməliyyatlarının planlaşdırılması mövzusunda seminarın və dekabrın 14-də Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelik aparatlarının əməkdaşları ilə toplantının keçirilməsi planlaşdırılır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır