Bismillahir Rəhmanir Rəhim
"Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmişsən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.”
Surə-Maidə.Ayə-67
Ayənin nazil olma səbəbi
Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (şiənin bütün məşhur kitablarında) yuxarıdakı ayənin imam Əli (ə) haqda nazil olduğu qeyd edilmişdir. Bu rəvayəti bir çox səhabələr, o cümlədən, Əbu Səid Xudri, Zeyd ibn Ərqəm, Cabir ibn Abdullah Ənsari, İbn Abbas, Bərra ibn Azib, Hüzeyfə, Əbu Hüreyrə, İbn Məsud və Amir ibn Leyli nəql etmişlər. Onların rəvayətlərində bu ayənin imam Əli (ə) və "Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilmişdir.
Diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzilərinin ravilər silsiləsi, o cümlədən, Əbu Səid Xudrinin və İbn Abbasın hədisinin on bir, Bərra ibn Azibin hədisinin isə üç qrupdan ibarət olduğu nəql olunmuşdur. Bu hədisləri öz əsərlərində (istər geniş, istərsə də qısa şəkildə) qeydə alan məşhur alimlər aşağıdakılardan ibarətdir:
–Hafiz Əbu Nəim İsfahani: "Ma nuzzilə minəl-Quran fi Əliyyin” kitabı ("Əl-xəsais” kitabından nəql, səh. 29);
–Əbülhəsən Vahidi Nişapuri: "Əsbabun-nüzul” kitabı, səh. 150;
–İbn Əsakir Şafei: ("Əd-durrul-mənsur” kitabından nəql, 2-ci cild, səh. 298);
–Fəxri-Razi: "Kəbir” təfsiri, 3-cü cild, səh. 636;
–Əbu İshaq Həməvini: "Fəraidus-səmteyn” kitabı;
–İbn Səbbağ Maliki: "Füsusul-muhimmə” kitabı, səh. 27;
–Cəlaləddin Süyuti: "Əd-durrul-mənsur” kitabı, 2-ci cild, səh. 298;
–Qazi Şovkani: "Fəthul-qədir” kitabı, 3-cü cild, səh. 57;
–Şəhabuddin Alusi Şafei: "Ruhul-məani” kitabı, 6-cı cild, səh. 172;
–Şeyx Süleyman Qunduzi Hənəfi: "Yənabiul-məvəddət” kitabı, səh. 120;
–Bədrəddin Hənəfi: "Umdətul-qari fi şərhi Səhihi-Buxari” kitabı, 8-ci cild, səh. 584;
–Şeyx Məhəmməd Əbduh Misri: "Əl-mənar” təfsiri, 6-cı cild, səh. 463;
–Hafiz ibn Mərdəveyh (vəfatı: 418 h.q) (Süyutinin "Əd-durrul-mənsur” kitabından nəql) və s.
Əlbəttə, unutmaq olmaz ki, bu alimlərin bəziləri ayənin nazil olma səbəbini və rəvayətləri nəql etməklə yanaşı, sonradan işarə edəcəyimiz dəlillərin üstündən asanlıqla keçmiş, yaxud məsələyə iradla yanaşmışlar. Biz gələcək bəhslərdə Allahın lütf və mərhəməti sayəsində onların nəzərlərini dəqiq araşdıracağıq.
Qədir-xum hadisəsi
Ötən bəhslərdəki bir dəlilə əsasən, "təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda (həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə, digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə "Qədir-Xum” hadisəsinə və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi təyin etdiyi zamana aiddir. Əllamə Əmini "Əl-qədir” kitabında "Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, "Qədir-Xum” hədisi "təvatür” həddində çatmış mötəbər hədislərin ən üstünüdür. Doğrusu, kim onun "təvatür” həddinə çatmasına şəkk etsə, "təvatür” həddində olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə deyilənlərlə kifayətlənib, onun mənasını araşdırmağa başlayırıq. Hədislə bağlı geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:
–"Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;
–"Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;
–"Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);
–"Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi; bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);
–"Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild.
Qədir-xum rəvayətlərinə bir baxış
"Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan (əlbəttə, bəzi rəvayətlərdə bu hadisə daha geniş, bəzilərində qısa, bəzilərində hadisənin bir qismi, bəzilərində isə digər bir qismi açıqlanmışdır) belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcci ("Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, böyük ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri bu böyük səadətə çatdıqları üçün böyük sevinc hissi keçirirdilər. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyildi. İftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən xeyli müsəlman həzrəti müşayiət edirdi.
Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırırdı. Amma bu misilsiz mənəvi səfərin ləzzəti bütün çətinlikləri asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə Qədir-Xumun quru, yandırıcı səhralıqları görünürdü. Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı vardı: biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar.
Hicri-qəmərilə 10-cu il cümə axşamı idi. Qurban bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacılara dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar. Nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı "Allahu-Əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə gölgəlik, nə də ot-ələf görünürdü. Bəziləri də bu çılpaq ağaca sığınmışdılar.
Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: "Mən tezliklə Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”
Camaat uca səslə dedi: "Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”
Sonra Peyğəmbər (s) buyurdu: "Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”
Hamı bir ağızdan "Bəli, şəhadət veririk” – dedi.
Peyğəmbər (s) dedi: "İlahi, şahid ol...” Sonra davam etdi: "Ey camaat, səsimi eşidirsinizmi?”
Dedilər: "Bəli!”
Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin züm-züməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi eşidildi: "İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!”
Cəmiyyətin içərisindən bir səs gəldi: "Ey Allahın Rəsulu! Bu iki ağır əmanət nədir?”
Peyğəmbər (s) dərhal buyurdu: "Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaq. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız. Geridə də qalmayın ki, yenə həlak olarsınız!”
Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarır. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu tanıdı və bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: "Ey camaat! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”
Dedilər: "Allah və Peyğəmbəri daha yaxşı bilir!”
Peyğəmbər (s) buyurdu: "Allah mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm. Onlar üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: "Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:
اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ:
"İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən