10 noyabr 2010 - 20:30

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan-Rusiya sərhədini qanunsuz keçmək istəyən zaman saxlanan radikal vəhhabi qruplaşma üzvlərinin məhkəmə prosesi davam etdirilib. Prosesdə şahid ifadələri dinlənilib. Məhkəmə prosesi noyabrın 24-də davam etdiriləcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda daha bir terrorist vəhhabi dəstəsinin məhkəmə prosesi davam etdirilib. Müttəhimlər Fransa və Avstriya vətəndaşları Ramzan Terşiyev, Suxrab Merjuyev, Xasan Xaldıxaroyev, Türkiyə vətəndaşı İlhan Taşbey və Azərbaycan vətəndaşı Ramiz Mirzəyevdir.

2009-cu il iyulun 16-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycanın Rusiya ilə Gürcüstan dövlət sərhədi yaxınlığında səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınarkən mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib. Nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri öldürülüb, digəri isə yaralanıb. Silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq və meşəlik olmasından istifadə edərək hadisə yerindən qaçıblar. Öldürülən silahlının üzərindən Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Həmin sənəddə onun adı Salman Umdayev kimi qeyd edilib.

Hadisədən bir neçə gün sonra isə qanunsuz silahlı qruplaşmanın üzvləri həbs edilib. Öldürülən və tutulan silahlılar radikal dini qruplaşmanın üzvü olublar.

Mütəşəkkil dəstənin məqsədi Pankisi dərəsinə getmək olub.

Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır