Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: II Şəhidlər Xiyabanında keçirilən mərasimdə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirilib. Yaylım atəşi açılıb.
Mərasimdə müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, hərbçilər, ictimaiyyət nümayəndələr, kütləvi xalq və dindar vətəndaşlar iştirak ediblər.
Qeyd edək ki, dəfn mərasimindən əvvəl şəhid hərbçilərimizlə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində vida mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də iştirak edib.
Dəfn mərasiminə Müdafiə Nazirliyinin rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri, xeyli sayda vətəndaş qatılıb. Dini ayinimizə görə, şəhidlər üçün Quran və mərsiyələr oxunub.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır