3 noyabr 2010 - 20:30

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşının geri qaytarılması barədə məlumat yayıb. Qurumun yayımladığı məlumatda bildirilir ki, 2010-cu ilin oktyabrında Bakıda vəfat edən Ermənistan vətəndaşının cəsədi bu gün BQXK-nin himayədarlığı altında ölkəsinə qaytarılıb. Həmin gün, BQXK, Ermənistanda saxlanılan azərbaycanlı mülki şəxsi də geri qaytarılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Əməliyyat Azərbaycanın Qazax və Ermənistanın İcevan şəhərləri arasındakı yolda baş tutub. “Biz bütün tərəflərdə qohumları saxlanılan, itkin düşmüş və ya vəfat etmiş ailələrlə yaxından əlaqə saxlayırıq və onların həyəcan və kədərlərinə şərik çıxırıq. Qüssəli xəbərin çatdırılması və ya ölmüş cəsədin repatriasiyası çox kədərləndirici haldır".

Məlumatda həmçinin bildirilir ki, BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxlanılan hərbi əsirlərə və mülki şəxslərə daim baş çəkir. Neytral vasitəçi qismində çıxış edən BQXK, həmçinin aidiyyəti olan tərəflərin razılığı ilə həmin şəxslərin və eləcə də cəsədlərin repatriasiya edilməsinə köməklik göstərir. Keçən ilin aprel ayında BQXK bir Azərbaycan əsgərinin və iki Azərbaycan vətəndaşının qalıqlarının qaytarılmasına yardım edib. Təşkilat, hazırda təmas xəttinə yaxın olan ərazidə şəhid olmuş iki Azərbaycan əsgərinin cəsədləri də daxil olmaqla, hər iki tərəfdə olan digər mülki şəxslərin və insan qalıqlarının qaytarılması üzrə aparılan danışıqlara cəlb olunub.

Daha sonra qeyd olunub ki, BQXK, yalnız saxlanılan şəxsin öz arzusu ilə ölkəsinə geri qayıtmaq istədiyini təsdiq etməsindən sonra qaytarılmaqa yardım edir".

Qeyd edək ki, Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev bu gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.

Prosesdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları (BQXK) iştirak ediblər.

Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i, saat 18.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Manvel Sarıbekyan bu il sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. O, oktyabrın 5-də gecə saat 3-də

müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır