Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dağlıq Qarabağ müharibəsi ilə bağlı prosesləri və tarixi xronikanı əhatə edən layihə üzərində işləyən Vaşinqton Universitetinin Beynəlxalq Araşdırmalar üzrə Cekson Məktəbinin dosenti Skott Radnitz (Scott Radnitz) müsahibə verib.
- Cənubi Qafqazda təhlükəsizliklə bağlı vəziyyəti necə xarakterizə edərdiniz?
-2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinə ABŞ-Rusiya münasibətlərinin pisləşməsi, xüsusilə də NATO-nun genişlənməsi məsələsi səbəb olub. Prezident Obamanın Rusiya ilə əlaqədar “yenilənmiş” siyasətini nəzərə alsaq, ümumilikdə Qafqazda təhlükəsizliklə bağlı vəziyyət daha sabitdir. Lakin “dondurulmuş münaqişələr” həll olunmayana qədər kiçik miqyaslı zorakılığın yenidən başlanması riski hər zaman var.
- Qarabağ məsələsinə gəlincə, sizcə tərəflər razılıq əldə etməyə hazırdır? Münaqişə tərəfləri və vasitəçilər nə etməlidirlər?
- Məncə yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həlli mümkün deyil. Qarabağın yekun statusu ilə bağlı mövqelərdə uyğunluq yoxdur: Azərbaycan Qarabağın öz tərkibində qalmasında israrlıdır, Ermənistan isə bu mövqeni qəbul etmir, bu bölgənin müstəqilliyi ilə bağlı səsvermədə israr edir. Nə qədər ki, danışıqların bu aspekti həll olunmamış qalır, qaçqın və məcburi köçkünlərin qayıtması, Azərbaycanın Qarabağ bölgəsi ətrafındakı yeddi rayondan erməni qoşunlarının çıxarılması kimi məsələlərin həllinə nail olmaq çətin olacaq.
- Dağlıq Qarabağ münaqişəsi digər münaqişələr, Abxaziya, Cənubi Osetiya, İsrail-Fələstin qarşıdurması kimi məsələlərlə müqayisə oluna bilər? Onların yol xəritələrində hansı oxşarlıqlar var?
- İlk növbədə, münaqişə nəticəsində yaranan ədavət münaqişə tərəflərinin arasında barışıq imkanlarına uzunmüddətli təsir göstərir. Hər iki tərəfdən qurbanlar verildiyi üçün insanlar hətta kiçik güzəştlərə də getmək istəmirlər. İkincisi, insanların münasibəti üzündən siyasətçilər düşmənlərlə razılığa gələ bilmirlər. Təəssüf ki, bu, onların münaqişənin uzunmüddətli həlli üçün lazım olan kompromisə getmək imkanlarını məhdudlaşdırır, çünki bu cür addımlar sadə insanların mənfi reaksiyasına səbəb olur. Münaqişənin həlli hər iki tərəfdən cəsarətli liderlərin səylərini birləşdirməsini və ictimai rəyin dəyişməsini tələb edir ki, bu da əvəzçıxma istəyindən uzunmüddətli maraqların tanınmasına keçidi nəzərdə tutur. Bu istənilən cəmiyyət üçün asan keçid deyil və vasitəçilər Avropada əsrlərdən bəri mövcud olan qarşıdurmalar barədə düşünməlidir. Avropada elitalar barışığın vacibliyini dərk etdikdən və münaqişələrin dinc yolla həlli üçün institutlar yaratdıqdan sonra bu qarşıdurmalar aradan qalxdı.
- Cənubi Qafqaz regionu qlobal məsələlər üçün nə dərəcədə mühümdür?
- Bu region ətraf ölkələr – Rusiya, Türkiyə və İran üçün çox mühümdür. Bu region Qərbi Avropa və ya ABŞ-ın gündəliyində çox yüksək yerdə deyil, çünki Çin və Yaxın Şərqin strateji əhəmiyyəti onu kölgədə qoyur. Buna baxmayaraq, həm Avropa, həm də ABŞ siyasi islahatlar və davamlı iqtisadi inkişafı dəstəkləməklə, region ölkələri arasında əməkdaşlığa yardım etməklə Cənubi Qafqaza zaman və vəsait ayırmağa davam etməlidir.
- Bu ölkələr Qərbə hansı yolla yaxınlaşa Avroatlantik strukturlara inteqrasiya edə bilərlər?
- Strategiyanı müəyyənləşdirən şəxslər regiondakı rəqabətin sıfır məbləğli olmadığını təmin etmək üçün yollar axtarmalıdırlar. Cənubi Qafqaz dövlətləri üçün Rusiyanın təcavüzkar kimi çıxış etdiyi və ona qarşı qüvvənin yaradılmasına ehtiyac olduğu bir dünya planından daha çox özlərinin iqtisadi və siyasi vəziyyətlərini qaydaya salmaq lazımdır. Soyuq müharibə qurtardığına görə NATO artıq Rusiyaya qarşı müdafiə vasitəsi deyil. Əgər Azərbaycan Qərblə daha çox əlaqələr qurmaq istəyirsə, əsas hədəfi Qərbdən investisiya cəlb etmək olmalıdır. Əgər buna müvəffəq olsa, ÜTT-yə qoşula, hətta nə vaxtsa Avropa İttifaqına qoşulmağa dəvət edilə bilər. Bu öz məqsədini hələ dərk etməmiş hərbi təşkilata (NATO-ya) qoşulmaqdan daha faydalı olar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır