Əhl Beyt-ABNA-xəbər agentliyinin veriyi xəbərə əsasən Amerikadakı aparıcı yəhudi təşkilatlarının liderləri yaxın günlərdə Bakıya səfər edəcək. “İzRus” saytının xəbərinə görə, nümayəndə heyətinə Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris başçılıq edir. 12 nəfərlik nümayəndə heyəti Bakıya iyulun 4-də gələcək. Maraqlıdır ki, bundan cəmi bir gün əvvəl ABŞ dövlət katibi Hillari Klinton da Bakıda olacaq. Yəhudi lobbiçilərinin iki gün davam edəcək səfəri zamanı prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüş planlaşdırılır. Həmçinin heyət üzvlərini İsrailin Bakıdakı səfiri Mixael Levon-Lotem öz iqamətgahında qəbul edəcək. Səfir “İzRus”a açıqlamasında bunu təsdiq edərək deyib ki, bu cür səfərlər alqışlanır: “Azərbaycanda Amerika yəhudiləri ilə dostluğu qiymətləndirirlər. Bu, Təl-Əvivlə Bakı arasında münasibətlərə də müsbət təsir edir”. Devid Harris 2008-ci ildə İlham Əliyevlə görüşüb. Bu görüşdə ABŞ-Azərbaycan münasibətlərinin inkişafından və Təl-Əviv-Bakı dostluğundan danışılıb. Lakin Devid Harrisi Türkiyə hökuməti və baş naziri ilə dost saymaq olmaz. O, Türkiyə baş nazirinin İsrailə qarşı mövqeyini dəfələrlə kəskin tənqid edib. Qəzzaya yardım aparan gəmiyə hücumdan sonra daha da gərginləşən Türkiyə-İsrail münasibətlərinin fonunda Harrisin Bakıya səfəri Ərdoğana mesaj kimi də dəyərləndirilir.