Əhl Beyt-ABNA-xəbər agentliyinin verdiyi xəbərə əsasən Cəbhə xəttindəki son atışmalarla bağlı erməni tərəfi siyasi səviyyədə və lobbi qrupları səviyyəsində genişmiqyaslı hay-küy qaldırmaqda davam edir. Belə təbliğat gedir ki, bu insidentlər Azərbaycanın Qarabağda müharibəyə başlamağa hazırlaşdığına sübutdur. Avropa Erməni İttifaqları Forumunun (AEİF) dünənki bəyanatında isə xeyli ilginc iddialar yer alıb. Erməni KİV-lərinin yaydıqları xəbərlərə görə, bəyanatda deyilir ki, bu ilin may ayında Almaniyanın Zalsburq şəhərində keçirilən “Türkiyə-Avropa İttifaqı” forumu zamanı Türkiyə təmsilçisi Suat Kiniklioğlu AEİF rəhbəri Aşot Qriqoryana rəsmən müraciət edərək deyib.

“ABŞ prezidenti Barak Obama ilə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda Kəlbəcər və Füzulinin Azərbaycana qaytarılmasına, əvəzində sərhədlərin açılmasına dair planı razılaşdırıblar. Siz bu planının həyata keçirilməsinə mane olmayın və Serj Sərkisyana kömək edin”.

AEİF iddia edir ki, Kiniklioğlunun bu müraciətinin ardınca mayın sonlarında Avropanın məxfi xidmətlərindən onlara ABŞ və Rusiya prezidentləri arasında razılaşdırılmış plan barədə məlumat sızdırılıb. Bu plana görə yay aylarında Qarabağ münaqişəsi cəbhəsində bir neçə insident təşkil olunacaq, onlarla adam öləcək. Ardınca genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq və bir neçə min itki olacaq. Qısamüddətli döyüşlərdən sonra hər iki super dövlətin müdaxiləsi ilə müharibə dayanacaq, Füzuli rayonuna ABŞ sülhməramlıları, Kəlbəcərə isə rus qoşunları yeridiləcək. Avropa erməniləri təşkilatı iddia edir ki, sözügedən plan Azərbaycan və Ermənistan prezidentləri ilə də razılaşdırılıb: “Bu məlumat səhih olmaya, yaxud doğru çıxa bilər. Lakin iyunun 18-də baş verən insident və Minsk Qrupu həmsədrlərinin bu hadisəyə dair ehtiyatlı bəyanatı göstərilən ssenarinin həqiqət olduğunu deməyə əsas verir”. Erməni təşkilatı bildirir ki, Ermənistan prezidentinin bu planın içində olduğuna şübhə var.

Xatırladaq ki, Füzulidə Amerika qoşunlarının, Kəlbəcərdə isə rus sülhməramlılarının yerləşdiriləcəyinə dair məlumatlar bundan əvvəl Rusiya mənbələrində də yayılıb. Bu cür məlumatların yayıldığı bir vaxtda Azərbaycanda hərbi əməliyyatlar zamanı seçkilərin təxirə salınmasının hüquqi bazası yaradılıb, həmçinin ölkə ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsinə imkan yaradan Hərbi Doktrina qəbul olunub.