Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən dünən Media Mərkəzində Yevlax rayonundan gəlmiş bir qrup dindar icra başçısı Elmar Vəliyevin qanunsuz əməlləri ilə bağlı mətbuat konfransı keçirdi. Üzləşdikləri problemlərdən söz açan Yevlax “Cümə” məscidinin icma üzvü Ramin Quliyev bildirdi ki, icra başçısı neçə ildir rayonda sahibkarlıqla məşğul olan şəxslərə və din adamlarına qarşı ədalətsiz mövqe tutub: “6 ildir icra başçısının amansız təzyiqləri ilə üz-üzə qalmışıq. 2006-cı ildə Ramazan ayının 19-da məscidə ayaqqabı ilə girən icra başçısı oradakı adamlara hədə qorxu gəlib, islam dinini təhqir edib, azanın səsləndirilməsinə qadağa qoyub.
İyunun 3-də isə heç kəsin rəyini nəzərə almayan başçı məscidə məxsus həyətyanı sahəni imkanlı bir şəxsə satıb. Məsələ ilə bağlı ölkə başçısına, Qafqaz Müsəlmanları İdarəsinə, Daxili İşlər Nazirliyinə teleqrama vurmuşuq. Amma nəticəsi yoxdur. İcra başçısı iyulun 3-də sevimli Peyğəmbərimizin qızı Fatmayi Zəhranın mövludu günü şəhərdə qadınlara gül paylayan hicablı xanımlarımızı təhqir edib. Onları əxlaqsızlıqda suçlayıb. Həmin gün şəhərdə ki, şəhərdəki həyətində mərasim keçirən Tural Qiyaslıya qarşı təzyiqlər edilib. Həyətə gələn polislər onun qurduğu çadırı dağıdıb, özünü isə polis bölməsinə aparıblar. Narazılıq edənlərə qarşı isə cinayət işi qaldırılıb”.
Elə bu səbəbdən də iyun ayının 11-də 130-a yaxın Yevlax sakini Bakıya şikayətə gəlib. Onlar üzləşdikləri vəziyyətlə bağlı Prezident Administrasiyasında, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərində və Baş Prokurorluqda olublar. Amma nə faydası? Bu günlərdə rayona dönən şikayətçilərin bir neçəsini polis şöbəsinin əməkdaşları həbs edib. Qiyasa məxsus taxıl zəmisinə od vurulub. Rayon ərazisində hicablı qadınların avtobuslara minməsi qadağan edilib. Şikayətə gələnlərin bir çoxlarının obyektləri əlindən alınıb. Şikayətçlərin sözlərinə görə, icra başçısı Bakıya gələnlərin hamısını tutduracağı ilə hədələyib: “Bizim də tutulma qorxumuz var. Bir sözlə, bu gün Yevlaxda yalnız Elmar Vəliyevin qanunları işləyir. O təkcə inanc adamlarına deyil, digər sakinlərə də zülm edir. Rayonda hamı bu insanın zülmündən cana doyub. Yevlaxda rüşvətxorluq, qohumbazlıq baş alıb gedir. Şəxsən bizim içərimizdə elə adam var ki, 9 aydı işləmirəm, mağazaları zorla əlimdən alıb. Bakıya gəlməyə pul tapa bilmirik. Amma icra başçısının qiyməti bilinməyən maşınları, çoxlu sayda vilası var. Qardaşı hərbi prokurorudur. Rayonun baş Axundu Namiq Əliyevdə icra başçısının qəzəbinə tuş gəlib. Hətta ona qarşı təzyiq o həddə çatıb ki, oğlu cərahiyyə əməliyyatı olunarkən başçının tapşırığı ilə işıq kəsilib. Üzləşdiyimiz problemlərlə bağlı məhkəmələrə müraciət etsək də, nəticəsi yoxdu. Odur ki, qərara gəlmişik ki, qarşıdan gələn seçkilərə qatılmayaq ”.
Təzyiqlərə məruz qalmış rayon sakini Mirsaleh İsmayılzadə də E.Vəliyevin rayonda zülmünün ərşə dayandığını dedi: “Şikayət etdikcə vəziyyətimiz pisləşir. 11 gündü Bakıdayıq. Həbs olunacağımızdan qorxduğumuz umuz üçün rayona qayıda bilmirik”.
Ramil Hüseynov isə bu günlərdə icra başçısının tapşırığı ilə həbs olunduğunu dedi: “Bu ayın 11-də Bakıdan evə qayıdarkən həbs olunduq. Bizə dedilər ki, asayışı pozduğunuz üçün sizi həbs edirik. 5 nəfər idik, 3-5 sutka verib həbsə atdılar. Elmar Vəliyev iş yerində namaz qılan insanların işdən çıxarılması barədə göstəriş verib. Başçı bizlə düşmən kimi hərəkət edir”.
MƏHƏBBƏT