Əhl Beyt-ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanın sabiq nazirləri Fərhad Əliyev və Əli İnsanovun həbsdən buraxılacağı ilə bağlı gözləntilər hələ ki, özünü doğrultmur. Qeyd edək ki, hər iki nazirin, o cümlədən F.Əliyevin qardaşı Rafiq Əliyevin şikayətləri Avropa İnsan Haqları Məhkəməsinin icraatında olsa da, hakimiyyət onlarla bağlı mövqeyini dəyişməyə tələsmir. Xəbər verildiyi kimi, Ə.İnsanovla Avropa Məhkəməsi arasında kommunikasiyalar yekunlaşıb və növbəti mərhələdə qərarın verilməsi gözlənilir. Sabiqlərin hüquqlarını müdafiə edən komitələrin rəhbərləri də yaxın zamanlar üçün vəziyyətdə hər hansı dəyişiklik olacağına əmin deyillər. Son vaxtlar ölkədəki hüquq müdafiəçilərinin sabiqlərin işi ilə bağlı fəaliyyətində durğunluq müşahidə olunur. Sanki onlar da eks-nazirlərin sonadək cəzalarını çəkəcəklərini güman etdiklərindən vəziyyətlə barşıblar.

Ancaq məsələ ilə bağlı müraciət etdiyimiz Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı deyilənlərlə razılaşmadı. Hüquq müdafiəçisi dedi ki, sabiq nazirlərin işlərini ilk dəfə Strasburqa aparan elə onlar olub: “Onların işi ilə məşğul olan bizik, cild-cild qovluqlarımız yığılıb. Bütün dünyaya onların sənədlərini biz paylamışıq, məhkəmələrində iştirak etmişik”.

Sabiqlərin hazırki durumuna gəldikdə, S.Qocamanlı dedi ki, təqribən bir ay əvvəl Ə.İnsanovla görüşləri olub: “Səhhəti kifayət qədər yaxşı idi, şikayəti yox idi, özünü gümrah hiss edirdi. Bildiyiniz kimi, Avropa Məhkəməsində də kommunikasiyalar qurtarıb. Yəqin ki, yaxınlarda hansısa bir xəbər eşidərik. Hər halda bu, çox çəkməz. Onun vəziyyəti ilə bağlı hansısa dəyişikliklər ola bilər. Son qərar Avropa Məhkəməsindən asılıdır. Necə ki, Eynulla Fətullayevlə bağlı birmənalı qərar çıxarıldı ki, o, azadlığa buraxılsın. Fərhad Əliyevlə bağlı da kommunikasiyalar gedir. Bəlkə də artıq bitib”.

Hüquq müdafiəçisinin sözlərinə görə, F.Əliyevin qardaşı Rafiq Əliyev, həmçinin Ə.İnsanovun bacısı oğlu Anar Namazovun məsələlərini də gündəmə gətirirlər: “Bütün bunların sayəsində Avropa Məhkəməsində onlarla bağlı işlər tez başa çatdırılıb. Biz orda birmənalı məsələ qoymuşduq ki, Rafiq Əliyevlə Anar Namazov azadlığa buraxılmalıdır. Çünki onlar heç bir günah işlətmədikləri halda həbs olunublar”. S.Qocamanlı bu şəxslərlə bağlı prezidentə də məktub yazdıqlarını və onun cavabını gözlədiklərini vurğuladı: “Çünki Anar Namazov çox tanınmış və nadir peşə sahibidir. Amerikada təhsilini bitirib və mədə-bağırsaq üzrə çox gözəl cərrahdır. Biz prezidentdən xahiş etdik ki, onun Azərbaycana verə biləcəyi töhvələri nəzərə alaraq azadlığa buraxılsın. Çünki ölkəmiz üçün gənc və vacib kadrdır. Amma hələlik əfvi gözləyirik”.