Əhl Beyt-ABNA-xəbər agentliyi- ABŞ-la Azərbaycan hakimiyyəti arasında iki ilə yaxındır davam edən gərgin münasibətlərdən sonra ciddi hərəkətlilik başlayıb. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə ikinci köməkçisi Tina Kaydenau Bakıya səfər edib və prezident İlham Əliyevlə “çox mühüm və faydalı” danışıqlar apardığını açıqlayıb. Bundan bir neçə gün sonra ABŞ-ın Bakıda bir ildir boş qalan səfiri postuna Azərbaycan hakimiyyəti, müxalifəti və digər çevrələri ilə yaxşı əlaqələri olan Metyu Brayzanın namizədliyi irəli sürülüb.
Ardınca ABŞ prezidenti və dövlət katibinin Xəzərin enerji məsələləri üzrə xüsu
si nümayəndəsi Riçard Morninqstar ənənəvi neft-qaz sərgisi üçün Bakıya səfər edib. Lakin onun prezident Əliyevlə görüşündə təkcə enerji yox, ABŞ - Azərbaycan münasibətlərinə dair siyasi məsələlər, o cümlədən ABŞ radiolarının Azərbaycanda FM dalğasında yayımının bərpası məsələsi müzakirə edilib. Nəhayət, müdafiə naziri Robert Qeyts özünün dediyi kimi, Əfqanıstana tranzit dəhlizi verən və ABŞ-ın bu ölkə ilə bağlı yeni strategiyasında fəal rol
oynayan Azərbaycana təşəkkür etmək üçün Bakıya səfər edib. Pentaqon rəhbəri hərbi əməkdaşlıq məsələlərini müzakirə etməklə kifayətlənməyib və prezident Barak Obamanın məktubunu da təqdim edib. Eyni zamanda elan edib ki, dövlət katibi Hillari Klintonun Bakıya səfəri gözlənilir.
Vaşinqtonla Bakı arasında münasibətlərin kifayət qədər soyuduğu bir vaxtda başlayan bu hərəkətlilik aprel ayında ABŞ paytaxtında Azərbaycanın dəvət edilmədiyi nüvə sammiti çərçivəsində Cənubi Qafqazda mövcud status-kvonu dəyişdirməyə yönələn danışıqlardan sonraya təsadüf edirdi. Məhz həmin danışıqlardan sonra ABŞ-a aydın oldu ki, Türkiyə-Ermənistan yaxınlaşması və bu yolla Cənubi Qafqazda qüvvələr nisbətini dəyişib İrəvanın üzünü Qərbə çevirmək planlarını reallaşdırmaq mümkün olmur. Birləşmiş Ştatlar administrasiyası Türkiyənin Ermənistanla münasibətlərdə Qarabağ şərtini bir kənara qoymasına nail ola bilmədi. Nəticədə Ermənistan prezidentinə protokolları parlamentdən geri çəkmək təlimatı verildi və Obama administrasiyası Cənubi Qafqazla bağlı siyasətinə korrektələr etmək qərarına gəldi. Azərbaycanın hakimiyyət düşərgəsindən, Bakıdakı diplomatik çevrələrdən və Vaşinqtonda ABŞ-ın Qafqaz siyasəti barədə məlumatlı mənbələrdən son həftələrdə əldə edilən məlumatların təhlili da bunu deməyə əsas verir. Həmçinin Ermənistan, Rusiya və Qərb mətbuatında ayrı-ayrı vaxtlarda yer alan məlumatlar bu qənaəti tamamlayır.
Lakin ABŞ-ın Ermənistan-Türkiyə yaxınlaşması layihəsinin ən azından yaxın perspektivlər üçün baş tutmaması o demək deyildi ki, Vaşinqtonla Bakı arasında münasibətlər dərhal əvvəlki məcrasına qayıdacaq. Çünki bu layihə münasibətlərin korlanmasının tək səbəbi yox, səbəblərindən biridir. Hələ bundan əvvəl Azərbaycan hakimiyyəti Amerikanın regiondan sıxışdırılıb çıxarılmasına yönələn Rusiya projesində yer alırdı. Demokratiya və insan haqları məsələsində ABŞ-la dialoq dayandırıldı, nümayişkaranə şəkildə Vaşinqtondan bu mövzuda edilən tövsiyələr rədd edildi, Amerika radiolarının yayımı dayandırıldı və bütün mümkün üsullarla Qərbmeylli vətəndaş cəmiyyəti elementləri, müxalifət və hətta bloggerlər susduruldu. Ona görə də münasibətləri düzəldə bilmək üçün onun korlanmasının səbəblərini nəzərdən keçirmək lazım gəlir.
Əldə etdiyimiz məlumatlara görə, son bir ayda Vaşinqtondan Bakıya göndərilən elçilər də müzakirələri məhz bu istiqamətdə qurur. Başqa sözlə, Azərbaycan hakimiyyətinin Qarabağ məsələsinə görə ABŞ-ın siyasətindən narazı qalmağa xeyli əsasları var. Lakin ABŞ hökuməti də bu narazılığa narazılıqla cavab vermək üçün çoxlu əks-arqumentlərə malikdir. İrəliləyiş isə ancaq bu fakt hesab edilə bilər: indiyədək ABŞ Azərbaycanla münasibətlərdə problemlər yaradan səbəbləri müzakirə etməyə həvəs göstərmirdi və Bakıya təzyiq edirdi. Ancaq indi Vaşinqton bu problemləri müzakirə etməyə razıdır və öz nümayəndələrini Bakıya ezam etməyə başlayıb. Prezident Obamanın Əliyevə məktubunda da deyilir ki, ABŞ-la Azərbaycan arasında ciddi problemlərin yarandığı faktdır, lakin ABŞ prezidenti hesab edir ki, bunları müzakirə edib aradan qaldırmaq olar.
Beləliklə, məlumatlara görə, Amerika-Azərbaycan münasibətlərində gərginliyi aradan qaldırmağın mümkün yolları barədə müzakirələr Tina Kaydenaunun səfəri ilə başlayıb. Həmin müzakirələr nəticəsində müəyyən ilkin anlaşma əldə
edilib. Anlaşma təxminən bu məzmunda olub: ABŞ Azərbaycanın təklənməsi hesabına Ermənistan-Türkiyə yaxınlaşması projesini bir müddət dondurur, əvəzində Qarabağ məsələsində İrəvana təsir göstərməyə çalışır. İrəvanı 2, yaxud 3 rayonun azad edilməsi əvəzində bütün bağlı sərhədlərin açılması planına razılıq verməyə çağırır. Həmin ərəfədə erməni mənbələrində yer alan məlumatı xatırladaq: Kaydenau prezident Serj Sərkisyanla sərt müzakirələr aparıb və erməni tərəfini olduqca cəlbedici görünən təklifi belə rədd etməyə görə qınayıb.
Anlaşmanın ikinci tərəfinə görə, Azərbaycan hakimiyyəti ABŞ-la münasibətlərin korlanmasına səbəb olan məsələlərə “yenidən nəzər salmağa” razılaşıb. Bunlar Qərb təhsili almış iki bloggerin həbsi, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması da daxil olmaqla, mətbuat azadlığı sahəsində vəziyyətin yaxşılaşması, nəhayət, Amerika radiolarının yayımının bərpasıdır. Lakin məsələlərə “yenidən nəzər salmaq” heç də onları müsbət həll etməyə razılaşmaq mənasını vermir. Bu səbəbdən müzakirələr Riçard Morninqstarın vasitəsilə yenidən davam etdirilib. Əldə etdiyimiz məlumata görə, həmin müzakirələrdə Azərbaycan rəhbərliyi sadalanan məsələlərdən azı birini müsbət həll etməyə söz verib. Ehtimal olunur ki, həmin məsələ ya bloggerlərin azad edilməsi, ya da Eynulla Fətullayev barəsində Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarın icrasının təmin olunmasıdır. Məhz həmin müsbət reaksiya imkan yaradıb ki, müdafiə naziri Robert Qeyts Bakıya səfər etsin. Eyni zamanda dövlət katibi Hillari Klintona Bakıya səfərə hazırlaşmaq barədə tapşırıq verilsin. Nəhayət, müdafiə naziri Robert Qeyts vasitəsilə Obama administrasiyası Bakıya yeni mesajlar çatdırıb. Pentaqon rəhbərinin bəzi Asiya və Avropa ölkələrinə səfər marşrutuna Azərbaycanın son məqamda daxil edildiyi də bildirilir.
ABŞ-la Azərbaycan arasında hərbi əməkdaşlığın yenidən canlandırılması da sözügedən anlaşmaların bir hissəsidir. Qeyts Bakıda Xəzərdə təhlükəsizlik, İran və Rusiya barədə müzakirələr aparıb. Xəzər təhlükəsizliyi proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığın davam edəcəyini açıqlayıb. Həmçinin bəzi Qərb ekspertlərinə görə, ABŞ Əfqanıstandakı əməliyyatları dəstəkləmək üçün Qırğızıstandakı “Manas” bazasına alternativ olaraq Bakıda bu cür baza qurmaq imkanlarını müzakirə edir. Azərbaycanın yeni qəbul olunan Hərbi Doktrinası ölkə ərazisində xarici bazaların yerləşdirilməsi üçün hüquqi baza yaradır. Bəzi təhlilçilər qeyd edir ki, doktrinadakı bu məqam təsadüfi və ya uzaq gələcəyə hesablanmış məsələ deyil, ictimaiyyətə qapalı gedən ciddi proseslərin təzahürüdür.
Gözlənilir ki, Hillari Klintonun Bakıya səfəri ABŞ-Azərbaycan müzakirələrinin həlledici fazası olacaq. Son 19 ildə ilk dəfədir ABŞ dövlət katibi Bakıya səfər edir. 1991-ci ildə Azərbaycanın müstəqilliyini yeni elan etdiyi vaxtlarda ABŞ dövlət katibi Ceyms Beykerin Bakıya qısamüddətli gəlişi istisna olmaqla, rəsmi səviyyədə belə statusda səfər hələ edilməmişdi. Prosesləri yaxından izləyən mənbələr qeyd edir ki, münasibətlərin düzəlməsi üçün ilkin şərt rolunu oynayan 3 məsələdən azı ikisinin müsbət həll olunacağı gözlənilir. Başqa sözlə, bloggerlər və həbsdəki baş redaktor azad edilsə, yaxud azad olunacaqlarına dair ən yüksək səviyyədə vəd verilsə, Hillari Klintonun Bakıya səfəri tarixi açıqlanacaq.
Amerika radiolarının FM tezliyində yayımının bərpasına dair məsələnin isə dövlət katibinin danışıqlarında yer alacağına şübhə yoxdur. Xatırladaq ki, ABŞ bu məsələnin həlli üçün Azərbaycana təklif verib. Bu təklifə görə, Azərbaycan Qərb radiolarının yayımını bərpa etməyin əvəzində Amerikanın bütün ərazisində FM tezliyində radio yayımı imkanı əldə edə bilər. Həmin təklif rədd edilmişdi, ancaq indi yenidən gündəmə gələ bilər.