17 avqust 2010 - 19:30

Robert Qeyts bildirib ki, Obama administrasiyası Azərbaycana heç vaxt lazımi diqqət göstərməyib: “Onlar qəbul ediblər ki, Azərbaycan var və bizim müttəfiqimizdir. Amma onlara diqqət lazım deyil. Onlar başa düşüblər ki, bu siyasət davam etsə, Azərbaycanı itirə bilərlər”.

Əhl Beyt-ABNA-xəbər agentliyi-Amerikanın müdafiə naziri Robert Qeyts Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlərində iki ölkə arasında hərbi münasibətlərin möhkəmləndirilməsini müzakirə edib. Bu barədə Qeyts Bakıdan Londona yola düşərkən onu aparan ABŞ Hərbi Hava Qüvvələrinin təyyarəsində Pentaqonun mətbuat xidmətinin əməkdaşı ilə söhbətində deyib. ABŞ müdafiə naziri Azərbaycanı beynəlxalq koalisiyanın Əfqanıstanda mühüm tərəfdaşı adlandırıb. Xəbər verildiyi kimi, Robert Qeyts Bakıda iyunun 6-7-sində olub, prezident İlham Əliyevlə, müdafiə naziri Səfər Əbiyevlə görüşüb.

Pentaqon rəhbəri prezident Barak Obamanın məktubunu da İlham Əliyevə çatdırıb, həmçinin bildirib ki, dövlət katibi Hillari Klintonun Bakıya səfəri olacaq.

“Onlar Əfqanıstanda mühüm iş görürlər, təkcə əsgər sayı və mülki iştiraka görə deyil, həmçinin quru yük daşımalarına və ölkə üzərindən uçuşlara icazə verdiklərinə görə. Buna görə də səfərin bir məqsədi buna görə təşəkkür etmək idi” deyə, Qeyts bildirib. ABŞ müdafiə naziri xatırladıb ki, Azərbaycan hərbçiləri NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Koalisiyası (İSAF) tərkibindədir. Bu ölkə həmçinin İSAF və əfqan silahlı qüvvələrinə qlobal yardımın çatdırılmasında açar rolu oynayır, tikinti layihələrini də təchiz edir. Qeyts müsahibəsində deyib ki, Azərbaycan rəhbərliyi ilə ikitərəfli hərbi münasibətləri gücləndirməyi müzakirə ediblər. Birləşmiş Ştatların Xəzər dənizində təhlükəsizliyə yardımı da müzakirə mövzusu olub: “Biz Xəzərdə təhlükəsizlik proqramları çərçivəsində artıq  on milyonlarla dollar ayırır, qayıq, radar, texniki dəstək veririk”. Görüşlərdə birgə hərbi təlimlərin daha çox keçirilməsi, kəşfiyyat məlumatlarının bölüşdürülməsi də müzakirə olunub. Həmçinin İran və Rusiyadan da danışılıb: “Azərbaycanlılar bu ölkələrlə birbaşa qonşuluqda yaşayırlar” deyə, Qeyts əlavə edib.

Azərbaycan rəhbərliyi isə Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasından narahatlıq bildirib. Qeyts onlara söz verib ki, bu mesajı ABŞ dövlət katibi Hillari Klintona çatdıracaq: “Ümumilikdə, deyərdim ki, bu, çox müsbət səfər oldu və münasibətlərin daha da genişləndirilməsinə zəmin yaratdı. Gələn ay hərbi məsləhətləşmə keçirəcəyik, bu müzakirələrdə danışdığımız bir çox məsələlər ortaya qoyulacaq, konkretləşdiriləcək ”. Xatırladaq ki, Azərbaycan tərəfi ABŞ-la münasibətlərin gərginləşdiyi bir vaxtda may ayında keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimləri təxirə salmışdı. Pentaqon rəhbərinin dediyinə görə, hərbi əməkdaşlığı yenidən gücləndirməyin yollarını axtarmaq üçün gələn ay ABŞ-Azərbaycan hərbi məsləhətləşmələri keçiriləcək.

Vaşinqtondakı Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornell “Azadlıq” radiosuna müsahibəsində Qeytsin Bakıya səfərini şərh edərkən deyib ki, Birləşmiş Ştatlar vacib tərəfdaş olan Azərbaycanla korlanan münasibətləri düzəltmək istəyir. O bildirib ki, Obama administrasiyası Azərbaycana heç vaxt lazımi diqqət göstərməyib: “Onlar qəbul ediblər ki, Azərbaycan var və bizim müttəfiqimizdir. Amma onlara diqqət lazım deyil. Onlar başa düşüblər ki, bu siyasət davam etsə, Azərbaycanı itirə bilərlər”.

Svante Kornell bildirib ki, ABŞ prezidentinin Xəzərin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar və ardınca Robert Qeytsin Bakıya gəlişi iki ölkənin qarşılıqlı münasibətlərində yaşanan gərginliyin aradan qalxması üçündür: “Amerika hökuməti başa düşüb ki, münasibətlərin belə qalması bəzi problemlərə yol aça bilər”. Kornell deyib ki, ABŞ-ın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində apardığı siyasət Bakıdan fərqli görünür: "Onlar qeyd edirlər ki, bu problemlər bir-biri ilə bağlıdır. ABŞ isə bunu qəbul etmirdi. Obama administrasiyası düşünürdü ki, Türkiyə-Ermənistan münasibətlərində normallaşma prosesi Azərbaycanın razılığı olmadan həll oluna bilər. Amma indi başa düşüblər ki, Azərbaycansız Qafqazda inkişaf yürütmək çətindir». Ekspertə görə, Dağlıq Qarabağ problemində inkişaf olmasa, Türkiyə-Ermənistan münasibətlərində inkişaf olmayacaq. Kornell qeyd edib ki, bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət arta bilər.